SİYASƏT
Azərbaycan səfiri İspaniya radiosuna müsahibəsində Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən danışıb
Madrid, 2 noyabr, AZƏRTAC
İspaniyanın böyük dinləyici auditoriyasına malik “Radio Puerto” radiosu canlı yayımda Azərbaycanın bu ölkədəki səfiri Anar Məhərrəmovun müsahibəsini yayıb.
AZƏRTAC xəbər verir ki, radionun aparıcıları Xuan Luis Dominges və Xuan Ramon Realın suallarını cavablandıran səfir Anar Məhərrəmov əvvəlcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verib, Qarabağın tarixi Azərbaycan torpağı olduğunu, ermənilərin bu əraziyə XIX əsrin birinci yarısından etibarən köçürüldüyünü qeyd edib.
Diplomat bildirib ki, münaqişə nəticəsində Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub, azərbaycanlı əhaliyə qarşı soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirilib, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib.
Qeyd olunub ki, 2020-ci il iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə edərək, Ermənistan-Azərbaycan sərhədində yerləşən Tovuz rayonu istiqamətində dövlət sərhədimizin pozulmasına cəhd edərək, ölkəmizə qarşı hərbi təcavüz aktı törədib. Ermənistanın bu hərbi təxribatı həyata keçirməkdə məqsədi iki ölkənin sərhədində yeni münaqişə ocağı yaratmaqla, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik enerji kəmərlərini, o cümlədən nəqliyyat və kommunikasiya xətlərini təhlükə altına salmaq olub.
Sentyabrın 27-də isə Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycanın mövqelərini, habelə təmas xəttinin yaxınlığında yerləşən kəndləri iriçaplı silahlar, minaatanlar və ağır artilleriya qurğularından atəşə tutub, Azərbaycana qarşı növbəti hərbi təxribata əl atıb. Hərbi təxribat zamanı mülki əhali məqsədli şəkildə hədəf seçilib. Oktyabrın 31-nə olan məlumata əsasən, 91 dinc sakin həyatını itirib, 404 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, bir sıra yaşayış binaları və inzibati binalar ciddi dağıntılara məruz qalıb.
Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirləri həyata keçirir.
Xüsusi olaraq vurğulanıb ki, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti hərbi təcavüzü beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarının, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının və onların Əlavə protokollarının kobud şəkildə pozulmasıdır.
Diqqətə çatdırılıb ki, Ermənistan tərəfinin hərbi təxribatının əsas məqsədi regionda gərginlik yaratmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini pozmaq, habelə Azərbaycan ərazilərinin işğalı ilə bağlı mövcud status-kvonu qoruyub saxlamaqdır.
Səfir A.Məhərrəmov bildirib ki, Azərbaycanın dinc əhalisini qətlə yetirmək məqsədilə ardıcıl olaraq hərbi təxribatlar törədən Ermənistan sülh və insanlıq əleyhinə yönəlmiş müharibə cinayətlərini və terror aktlarını davam etdirərək, oktyabrın 10-u və 17-də cəbhə bölgəsindən 100 kilometr uzaqda yerləşən, ölkəmizin qədim tarixə malik və ikinci böyük şəhəri olan Gəncənin əhalinin sıx məskunlaşdığı mərkəzi hissələrini növbəti dəfə ballistik raket atəşinə tutub.
Gəncə şəhərində dinc əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin növbəti dəfə Ermənistanın hərbi təcavüzünə məruz qalması nəticəsində aralarında çox sayda dinc sakin həlak olub və yaralanıb, bir çox mülki infrastruktur obyektləri dağıdılıb, beləliklə də mülki əhaliyə külli miqdarda maddi, mənəvi və fiziki ziyan vurulub.
Eyni zamanda, oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raketlər nəticəsində 21 nəfər mülki şəxs, o cümlədən uşaqlar həyatını itirib, aralarında azyaşlılar və qadınlar olmaqla 70 nəfərdən çox mülki şəxs ciddi xəsarət alıb.
Həmçinin qeyd olunub ki, Ermənistan tərəfinin humanitar atəşkəsi dəfələrlə kobud şəkildə pozması məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoymamasının və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizliyin göstəricisidir. Atəşkəsin pozulmasına və bölgədə gərginliyin davam etməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid