SİYASƏT


Azərbaycan səfiri İspaniyanın tanınmış beyin mərkəzinə Ermənistanın hərbi təxribatları ilə bağlı müsahibə verib

Madrid, 2 oktyabr, AZƏRTAC

Geosiyasət, beynəlxalq münasibətlər və təhlükəsizlik sahəsində İspaniyanın tanınmış araşdırmalar institutlarından biri sayılan “Quijote Globe” beyin mərkəzi Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmovdan müsahibə alıb.

AZƏRTAC xəbər verir ki, müsahibə zamanı “Quijote Globe” beyin mərkəzinin baş redaktoru Nunyo Rodriges səfir A.Məhərrəmova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti, o cümlədən son həftə ərzində Ermənistanın təxribatyönümlü addımlarına Azərbaycanın münasibəti, habelə bu məsələyə beynəlxalq ictimaiyyətin mövqeyi barədə suallar ünvanlayıb.

Sualları cavablandıran səfir əvvəlcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verərək, Qarabağ ərazisinin tarixi Azərbaycan torpağı olduğunu, ermənilərin bu əraziyə XIX əsrin birinci yarısından etibarən köçürüldüyünü qeyd edib.

A.Məhərrəmov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarından bəhs edərək, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, azərbaycanlı əhaliyə qarşı soyqırımı və etnik təmizləmə siyasətinin həyata keçirildiyini, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, 2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə edərək Ermənistan-Azərbaycan sərhədində yerləşən Azərbaycanın Tovuz rayonu istiqamətində Azərbaycan dövlət sərhədinin pozulmasına cəhd edərək Azərbaycana qarşı təcavüz aktı törətmişdir. Hərbi təxribatı həyata keçirməkdə Ermənistanın niyyətlərindən biri də iki ölkənin sərhədində yeni münaqişə ocağı yaratmaqla Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olan Azərbaycan ərazisindən keçən enerji kəmərlərini, o cümlədən nəqliyyat və kommunikasiya xətlərini təhlükə altına salmağa cəhd etmək olmuşdur.

Cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, habelə təmas xəttinin yaxınlığında yerləşən kəndləri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə əl atıb. Hərbi təxribat zamanı mülki əhali məqsədli şəkildə hədəf seçilmiş, 1 oktyabr tarixinə olan məlumata əsasən 19 dinc sakin həyatını itirmiş, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, bir sıra yaşayış və inzibati binalar güclü dağıntılara məruz qalmışdır.

Bildirilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirirlər.

Azərbaycan Ordusunun öz xalqının və torpaqlarının müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlı və güclü olduğu diqqətə çatdırılaraq, xalqımızın böyük ruh yüksəkliyi ilə Azərbaycan Silahlı Qüvvələrini dəstəklədiyi, soydaşlarımızın könüllü olaraq ordu sıralarına qatılmaq üçün müraciətlərinin anbaan artdığı qeyd olunub.

Xüsusi olaraq vurğulanıb ki, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarının, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onlara əlavə protokolların kobud şəkildə pozulması deməkdir.

Bildirilib ki, Ermənistan tərəfinin hərbi təxribatının əsas məqsədi regionda gərginlik yaratmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini pozmaq, habelə Azərbaycan ərazilərinin işğalı ilə bağlı mövcud status-kvonu saxlamaqdır.

Səfir A.Məhərrəmov Ermənistanın bu təxribatının dünyanın bir sıra ölkələri, o cümlədən beynəlxalq və regional təşkilatlar tərəfindən kəskin şəkildə qınandığını diqqətə çatdıraraq, bu baxımdan İspaniya Krallığının hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə etdiyini, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini qeyd edib. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalından tam şəkildə azad edilməsindən sonra regionda sülh və sabitliyin bərqərar olunacağı diqqətə çatdırılıb.

Sonda “Quijote Globe” beyin mərkəzinin baş redaktoru Nunyo Rodriges səfir Anar Məhərrəmova Ermənistanın ölkəmizə qarşı hərbi təxribatı ilə bağlı dolğun, ətraflı və həqiqətləri əks etdirən məlumatların “Quijote Globe” vasitəsilə ispandilli kütləyə çatdırdığına görə minnətdarlığını bildirib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.