SİYASƏT
Azərbaycan səfiri İsveç mediasında ölkəmizə qarşı qərəzli yazıya qarşı cavab məqaləsi ilə çıxış edib
Stokholm, 22 iyun, AZƏRTAC
Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov bu ölkənin “Blankspot” saytında bloger Rasmus Kanbakın qərəzli və qeyri-obyektiv məqaləsinə “Bütün müharibə əsirləri geri qaytarılıb” sərlövhəli məqalə ilə cavab verib.
AZƏRTAC xəbər verir ki, məqalədə Rasmus Kanbakın ifadə etdiyi fikirlərin yanlış olduğu, təhrif edildiyi, bir çox faktlara məhəl qoyulmadığı diqqətə çatdırılıb. Bildirilib ki, Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon daxil olmaqla, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin uzun illər Ermənistan tərəfindən işğalı qeyd edilmədən bu münaqişənin tarixinin təhlilinin yolverilməz olduğunu bildirən səfir 1 milyona yaxın azərbaycanlının məcburi köçkün düşməsi ilə nəticələnən işğaldan danışıb. Bildirib ki, münaqişənin ilk illərindən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri ilə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edib.
Səfir Zaur Əhmədov yazıb ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, qanuni özünümüdafiə hüququndan istifadə edən Azərbaycan bu qətnamələri özü yerinə yetirib və torpaqlarını azad edib.
Rasmus Kanbakın Azərbaycan ərazilərinin 30 ilə yaxın işğal dövründə ermənilər tərəfindən minalandığı, münaqişənin bitməsindən sonra isə Ermənistanın mina sahələrinin xəritələrini verməkdən imtina etdiyi barədə faktlara göz yumduğu diqqətə çatdırılıb. Səfir vurğulayıb ki, Ermənistan indiyədək işğaldan azad olunan yeddi rayondan yalnız Ağdamın mina xəritələrini təqdim edib. Minalar səbəbindən indiyədək ikisi jurnalist olmaqla, 30 azərbaycanlı mülki şəxsin həyatını itirdiyini, 120 nəfərin yaralandığını diqqətə çatdıran diplomat hazırda 1 milyona yaxın azərbaycanlı məcburi köçkünün minalar səbəbindən doğma yurdlarına geri qayıda bilmədiklərini qeyd edib.
Müharibə əsirləri məsələsinə toxunan diplomat yazır: “Hazırda Azərbaycanda saxlanılan ermənilər hərbi əməliyyatların bitməsindən iki həftə sonra Azərbaycan ərazisinə daxil olaraq 4 hərbçini və bir mülki şəxsi öldürən cinayətkarlardır. Bu səbəbdən də onlar müharibə əsiri kimi qəbul edilə bilməz və onlar məhkəmədə cinayət törətmədə təqsirləndirilən şəxslər kimi iştirak edirlər”.
Azərbaycan hərbçilərinin Ermənistan ərazisinə daxil olması ittihamlarını rədd edən səfir bunun tamamilə əsassız olduğunu, Azərbaycanla Ermənistanın dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası işlərinin getdiyini bildirib. Qeyd edib ki, Azərbaycanın əhəmiyyətli hissəsinin Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılması səbəbindən bu proses uzun illər ərzində mümkün olmayıb.
Məqalənin sonunda ATƏT-in Minsk Qrupunun yarandığı gündən bəri üzvü olan və hazırda ATƏT-ə sədrlik edən İsveçin rolu da vurğulanır. Xüsusilə Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanmasının münaqişədən sonrakı mərhələdə Cənubi Qafqaza əmin-amanlıq gətirəcəyi vurğulanır.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm