SİYASƏT
Azərbaycan səfiri İsveçrədə prezident seçkisini izləyib
Bern, 6 dekabr, AZƏRTAC
Dekabrın 5-də İsveçrə parlamentində bu ölkənin Federal Şurasına (hökumət) seçkilər keçirilib. Məhdud sayda səfir prezident seçkilərini izləmək üçün parlamentə dəvət olunub. Seçkiləri izləyənlər arasında Almaniya, Belçika, Fransa, Finlandiya, İsveç, Kanada və Niderland diplomatları ilə yanaşı, Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova da olub.
Federal Şura İsveçrədə ali icra hakimiyyəti orqanıdır və Prezident həmin Şuranın üzvləri arasından rotasiya qaydasında bir illik müddətə seçilir. Maliyyə naziri Ueli Maurer 2019-cu il üçün İsveçrə prezidenti təyin olunub.
Prezident seçkiləri ilə yanaşı, Federal Şuraya yeni üzvlər də qəbul edilib. Azad Demokrat Partiyasının nümayəndəsi Karin Keller Sutter və Xristian Demokrat Xalq Partiyasının nümayəndəsi Viola Amherd Federal Şuranın yeni üzvləri seçiliblər.
Qeyd edək ki, son vaxtlar İsveçrə ilə Azərbaycan arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir və yalnız 2018-ci ildə baş tutan çoxsaylı qarşılıqlı səfərlər bunun əyani göstəricisidir. Belə ki, il ərzində İsveçrə tərəfdən Federal Şuranın üzvü, rotasiya qaydasında Prezident, eyni zamanda, iqtisadiyyat naziri Yohan Şnayder Amman, təhsil naziri Mauro Dell’Ambrogio, eləcə də parlamentin yuxarı palatası Kantonlar Şurasının Xarici Əlaqələr Komitəsinin sədri Filippo Lombardi Bakıya səfər ediblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern