SİYASƏT
Azərbaycan səfiri Latviya KİV-lərinə müsahibəsində Xocalı faciəsindən danışmışdır
Riqa, 19 fevral (AZƏRTAC). Xocalı soyqırımı Azərbaycan tarixində ən qanlı faktdır. Bu sözləri Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Elman Zeynalov Latviyanın SWH radiosuna və “Neatka Riga Avize” qəzetinə müsahibəsində demişdir. Diplomat faciənin miqyasından bəhs etmiş, bu aktı təkcə Azərbaycan xalqına qarşı deyil, ümumiyyətlə, bəşəriyyətə və ümumbəşəri dəyərlərə qarşı törədilmiş cinayət adlandırmışdır. Azərbaycan diplomatı Xocalı hadisələrinin soyqırımı kimi tanınması məsələsi ilə əlaqədar Latviya Seyminə müraciət etmişdir.
Müsahibədə Elman Zeynalov Azərbaycanın dinamik inkişafı barədə də məlumat verərək qeyd etmişdir ki, ölkəmiz istər regionun, istərsə də dünyanın enerji təhlükəsizliyi sahəsində öz mövqelərini möhkəmləndirmiş, BMT Təhlükəsizlik Şurasının üzvü kimi qlobal beynəlxalq məsələlərin həllində fəal iştirak etmişdir. Hazırda günbəgün modernləşən Azərbaycan, cəmiyyətin həyatının bütün sahələrində müşahidə edilən yeniləşmə konkret dövlət proqramları əsasında Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən sosial-iqtisadi siyasətin böyük uğurlarını təsdiq edir.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa