SİYASƏT


Azərbaycan səfiri Malayziyada diplomatik heyətin duayeni təyin olunub

Kuala Lumpur, 8 noyabr, AZƏRTAC

Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev noyabrın 7-də Kuala Lumpur şəhərində keçirilən mərasimdə bu ölkədəki diplomatik heyətin duayeni təyin olunub.

AZƏRTAC xəbər verir ki, mərasimdə Malayziyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər.

Əvvəlcə indiyədək bu vəzifəni icra etmiş Vatikanın Malayziyadakı səfiri Cozef Salvador Marino Azərbaycan səfirini tədbir iştirakçılarına təqdim edib. O, Q.Allahverdiyevin təcrübəli diplomat kimi uzun illərdən bəri bu sahədə uğurlu fəaliyyət göstərdiyini, qarşıdakı dövrdə onun Malayziyadakı diplomatik heyətin ümumi işinə önəmli töhfələr vermək əzmində olduğunu bildirib.

Sonra səfir Q.Allahverdiyev çıxış edərək diplomatik heyət tərəfindən ona göstərilən etimada görə təşəkkürünü bildirib. Bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlmək üçün səylərini əsirgəməyəcəyini, Malayziyada akkreditə olunmuş diplomatik missiyalar, eləcə də bu missiyalarla Malayziyanın Xarici İşlər Nazirliyi arasında səmərəli münasibətlərin inkişaf etdirilməsinə çalışacağını vurğulayıb.

Qeyd edək ki, hazırda Malayziyada rezident (102) və qeyri-rezident olmaqla (48) ümumilikdə 150 ölkənin səfirlik və ali komissarlığı, eləcə də Avropa İttifaqının nümayəndəliyi fəaliyyət göstərir. Bundan əlavə, ölkənin müxtəlif ştat və şəhərlərində 82 baş konsulluq, konsulluq və fəxri konsulluq institutları diplomatik təmsilçilik işi həyata keçirir. Həmçinin Malayziyada 27 müxtəlif beynəlxalq təşkilatın baş, yaxud da ki, regional qərargahları akkreditə olunub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala Lumpur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.