İDMAN
Azərbaycan səfiri Tbilisidə keçirilən beynəlxalq marafonda iştirak edən azərbaycanlı atletlərlə görüşüb
Tbilisi, 25 sentyabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Tbilisidə keçirilən beynəlxalq xeyriyyə marafonunda iştirak edən azərbaycanlı atletlərlə görüşüb.
AZƏRTAC xəbər verir ki, çıxış edən səfir dünyada idmana marağın artdığını qeyd edib. Bildirib ki, marafon çoxluğun maraq göstərdiyi idman yarışlarından biridir.
F.Quliyev Azərbaycanda idmana dövlət qayğısından danışıb, atletlərimizin Tbilisidə keçirilən marafonda iştirakına göstərilən dəstəyin buna parlaq nümunə olduğunu vurğulayıb.
Diplomat səfirliyin təşəbbüsü ilə Tbilisidə təşkil olunan marafon, futbol, voleybol yarışları, şahmat turnirləri barədə ətraflı məlumat verib. Bildirib ki, 2021-ci ilin oktyabrında Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş marafonda Gürcüstan, Azərbaycan, Rusiya və digər ölkələrdən atletlər iştirak ediblər.
Səfirlik bu cür yarışların ənənəvi olaraq keçirilməsində qərarlıdır və bunun üçün layihələr hazırlanır.
Azərbaycan Milli Paralimpiya Komitəsinin üzvü, nümayəndə heyətinin rəhbəri Elşən Quliyev səfirlikdə belə bir görüşün təşkilinə, eləcə də atletlərimizə göstərilən diqqətə görə Faiq Quliyevə minnətdarlığını bildirib. Səfirliyin marafonçularımıza göstərdiyi diqqəti dövlətimizin idmançılarımıza olan qayğısının əyani sübutu olduğunu qeyd edib.
Sonra digər idmançılar çıxış edərək marafonda iştirakla bağlı fikirlərini bölüşüblər.
Bildirilib ki, Tbilisidə keçirilən marafonda Azərbaycan atleti Anna Yusupova 10 kilometr məsafəni birinci başa vuraraq qadınlar arasında lider olub.
Digər yarışçılarımız da marafonda fərqləndiklərinə görə medallarla təltif olunublar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi