SİYASƏT
Azərbaycan səfiri etimadnaməsini Çili Prezidentinə təqdim edib
Bakı, 14 iyun, AZƏRTAC
Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Çili Respublikasının Prezidenti Mişel Baçeletə təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə səfir R.Aslanov Prezident İlham Əliyevin salamlarını Çili dövlətinin başçısına çatdırdı. Xanım Mişel Baçelet onun da salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş etdi.
Səfir R.Aslanov Prezident Mişel Baçeletə Azərbaycan haqqında ətraflı məlumat verdi. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrindən bəhs edərək Çilinin Avrasiya ilə ticarət əlaqələrində Azərbaycanın mühüm rol oynaya biləcəyini bildirdi. Görüşdə, həmçinin Azərbaycan ilə Çili arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Prezident Mişel Baçelet səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu etdi.