SİYASƏT
Azərbaycan səfiri etimadnaməsini Koreya Respublikası Ali Xalq Məclisi Rəyasət Heyətinin sədrinə təqdim edib
Bakı, 5 iyul, AZƏRTAC
İyulun 4-də Azərbaycan Respublikasının iqamətgahı Pekin şəhərində olan Koreya Xalq Demokratik Respublikasındakı (KXDR) fövqəladə və səlahiyyətli səfiri Əkrəm Zeynallı etimadnaməsini bu ölkənin Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri Kim Yon Nama təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimdən sonra səfir Əkrəm Zeynallı sədr Kim Yon Nam ilə görüşüb.
Görüşdə Azərbaycan Respublikası ilə KXDR arasında ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində əməkdaşlıq, Koreya yarımadasında sülhün və sabitliyin təmin olunması istiqamətində atılan addımlar, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Söhbət əsnasında Azərbaycanın Qoşulmama Hərəkatının məqsəd və məramlarını təşviq etməsi təqdir olunaraq, KXDR-in müvafiq səviyyədə Qoşulmama Hərəkatının 2019-cu ildə Azərbaycanda keçiriləcək XVIII Zirvə toplantısında təmsil olunacağı qeyd edilib.
Səfir Əkrəm Zeynallı, həmçinin KXDR xarici işlər naziri Ri Yon Ho ilə də görüşüb və ikitərəfli münasibətlərin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb. Ri Yon Ho Qoşulmama Hərəkatı xarici işlər nazirlərinin bu ilin aprelində Bakıda keçirilmiş toplantısı ilə əlaqədar Azərbaycana səfər etdiyini xatırlayaraq, ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib.
Görüşlərdə Əkrəm Zeynallı Azərbaycanın inkişafı, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, regiondakı vəziyyət, Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ədalətli həll edilməsi istiqamətində Azərbaycanın beynəlxalq ictimaiyyətlə birgə atdığı addımlar barədə məlumat verib.