SİYASƏT
Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib
Bakı, 20 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə etimadnaməsini Prezident Məmnun Hüseynə təqdim edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, Prezident Məmnun Hüseynlə keçirilən görüşdə Əli Əlizadə Pakistanda səfir kimi təyinatından və rəsmi fəaliyyətə başlamasından şərəf hissi duyduğunu bildirib. Səfir Azərbaycan Respublikası Prezidentinin salam və ehtiramlarını Məmnun Hüseynə çatdırıb, Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Pakistanın Azərbaycan üçün dost və qardaş ölkə olduğunu qeyd edib. Səfir ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdiyini, beynəlxalq məsələlərdə hər iki ölkənin bir-birini dəstəklədiklərini qeyd edərək, bu əlaqələrin inkişafında Azərbaycan və Pakistan prezidentlərinin xüsusi rolunun olduğunu vurğulayıb.
Ermənistanın işğal etdiyi qədim Azərbaycan torpaqlarında müsəlman aləminə aid dini abidələrin, məscid və ziyarətgahların dağıdıldığını vurğulayan Əli Əlizadə Pakistanın hər zaman Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olmasını xatırladıb, Azərbaycanın hər zaman Pakistanı güclü, təhlükəsiz və inkişaf edən ölkə kimi görmək istədiyini diqqətə çatdırıb. Səfir Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində həyata keçirilən humanitar və sosialyönümlü layihələrin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin inkişafına xüsusi töhfə verdiyini vurğulayaraq, bu layihələrin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Səfiri təyinatı münasibətilə təbrik edən Pakistan Prezidenti Məmnun Hüseyn xoş salamlarını və dərin ehtiramlarını Prezident İlham Əliyevə yetirməsini xahiş edərək, Azərbaycan Prezidenti ilə yaxın dostluq əlaqələrinin olduğunu, Azərbaycana yüksək səviyyədə həyata keçirilmiş rəsmi səfərini xatırlayıb. Pakistan Prezidenti Azərbaycan-Pakistan dövlətlərarası əlaqələrinin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin ən yüksək səviyyədə olduğunu qeyd edib, bu əlaqələrin yaranmasında İlham Əliyevin və Mehriban xanım Əliyevanın xüsusi xidmətlərinin olduğunu qeyd edib.
Pakistan Prezidenti iki ölkə arasındakı möhkəm siyasi münasibətlərlə yanaşı, iqtisadi, ticari, mədəni, elmi, enerji, nəqliyyat və digər əlaqələrin daha da inkişafında və xidməti fəaliyyətində səfir Əli Əlizadayə uğurlar arzulayıb, Pakistanda özünü öz vətənindəki kimi hiss edəcəyinə inamını bildirib.