SİYASƏT


Azərbaycan səfirinin Fransanın “Winner” jurnalında müsahibəsi dərc olunub

Paris, 4 yanvar, AZƏRTAC

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin bu ölkədə nəşr edilən “Winner” jurnalında müsahibəsi dərc olunub.

AZƏRTAC xəbər verir ki, müsahibədə paytaxt Bakının kosmopolit şəhər olmasından, Azərbaycan Xalq Cümhuriyyətindən, onun müsəlman Şərqində ilk dünyəvi, parlamentli respublika olmasından, qadınlara səsvermə hüququ verməsindən söz açılıb. Həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın əvəzedilməz rolundan, enerji təchizatının şaxələndirilməsi istiqamətində fəaliyyətindən, “Cənub Qaz Dəhlizi” layihəsindən danışılıb.

Müsahibədə mürəkkəb geostrateji məkanda yerləşməsinə baxmayaraq, dünyanın əsas aktorları ilə apardığı tarazlaşdırılmış siyasət sayəsində ölkəmizin regionda sabitlik zonası və təhlükəsizlik amili olduğu diqqətə çatdırılıb. Azərbaycanın NATO ilə əməkdaşlığından danışan səfir Rusiya və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin Bakıda görüşməsinin təsadüf olmadığını xatırladıb. Bildirib ki, ölkəmiz mədəniyyətlər və sivilizasiyalararası dialoq platformasına çevrilib. Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq, Beynəlxalq Humanitar forumlarına, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi edib.

Səfir Azərbaycan-Fransa münasibətlərinə toxunaraq, Cənubi Qafqaz bölgəsində ölkəmizin Fransanın əsas və etibarlı ticarət tərəfdaşı olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan səfir torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, bir milyondan çox azərbaycanlının doğma yurdlarından didərgin salındığını bildirib. O, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən qətnamələrini xatırladıb. Qeyd edib ki, Ermənistan beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymur, beynəlxalq hüquqa riayət etmir.

Müsahibədə bildirilir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri beynəlxalq hüquqa riayət edilməsində kifayət qədər qətiyyət göstərməlidirlər. Münaqişə beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində həllini tapmalıdır.

Rəhman Mustafayev vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyü kompromis və ya müzakirə obyekti olmayıb və olmayacaq.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.