QAN YADDAŞI
Azərbaycan səfirliyinin Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanatı İordaniyanın informasiya agentliyində yerləşdirilib
Qahirə, 24 fevral, AZƏRTAC
İordaniyanın “Nayrouz” informasiya agentliyi Azərbaycanın bu ölkədəki səfirliyinin Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanatını yayıb.
AZƏRTAC-ın məlumatına görə, bəyanatda bildirilir ki, bu il Azərbaycan xalqı XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının ildönümünü uzun illərdir erməni işğalı altında olan torpaqlarının azad olunduğu bir şəraitdə qeyd edir. Diqqətə çatdırılır ki, ötən il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra hərbi əməliyyata başlayan Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində ölkənin ərazi bütövlüyünü bərpa edib. Torpaqların azad edilməsi ermənilərin qəddarlıqla qətlə yetirdiyi Xocalı qurbanlarının ruhu qarşısında müqəddəs borcun yerinə yetirilməsidir.
Bəyanatda İordaniya ictimaiyyətinə 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində dinc insanların vəhşicəsinə qətlə yetirilməsi haqqında geniş məlumat verilib. Qeyd olunub ki, 613 Xocalı qurbanının 106-sı qadınlar, 70-i qocalar və 63-ü uşaqlardır. Həmin vaxt Fransanın “Le Monde”, İngiltərənin “Times” və digər nüfuzlu mətbuat orqanları bəşəriyyətə qarşı törədilmiş bu cinayət haqqında məqalələr, vəhşicəsinə qətlə yetirilmiş sakinlərin fotoşəkillərini dərc ediblər. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan isə bu ağır cinayəti etiraf edən müsahibə verib.
Səfirliyin bəyanatında qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası sayəsində ermənilərin Xocalıda törətdikləri qanlı cinayət barədə dünyanın hər yerinə məlumat yayılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə