İQTİSADİYYAT


Azərbaycan şərabları Bordo şərab muzeyində sərgilənəcək

Paris, 20 oktyabr, AZƏRTAC

“2018-2025-ci illər Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın icrasının təmin edilməsi və Azərbaycan istehsalı olan məhsulların, o cümlədən şərabların təşviqi istiqamətində İqtisadiyyat Nazirliyinin, Fransadakı səfirliyimizin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Fransanın Bordo şəhərində “La Cité du Vin” şərab muzeyi ilə AZPROMO arasında Azərbaycan şərablarının bu muzeydə sərgilənməsinə dair müqavilə imzalanıb.

AZƏRTAC xəbər verir ki, imzalanmış müqaviləyə əsasən Azərbaycanın 11 şərab şirkətinin məhsulları 3 il müddətində “La Cité du Vin” şərab muzeyində təqdim və nümayiş olunacaq.

Azərbaycan məhsullarının xarici ölkələrdə tanıdılması və “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyinin və Fransadakı səfirliyimizin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida, meyvə-tərəvəz, şərab və digər spirtli içkilər, meyvə şirələri, mineral sular, konservləşdirilmiş məhsullar, fındıq və qurudulmuş meyvə, çay istehsalı ilə məşğul olan 23 Azərbaycan şirkəti “Made in Azerbaijan” vahid stendi ilə Fransanın Paris şəhərində oktyabrın 21-dən 25-dək keçiriləcək “Sial Paris” beynəlxalq ərzaq sərgisində ölkəmizi təmsil edəcək.

Sərgi çərçivəsində yerli şirkətlərin nümayəndələri Fransada fəaliyyət göstərən kənd təsərrüfatı və yeyinti sənayesi məhsullarının satışı ilə məşğul olan distribütorlarla görüşlərdə iştirak edəcək, potensial müştərilərlə ixrac məsələlərinə dair müzakirələr aparacaqlar.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.