CƏMİYYƏT
Azərbaycan sərhədçiləri ölkəmizə dəniz yolu ilə qaçaqmal gətirməyə cəhd göstərən cinayətkar qrupları zərərsizləşdiriblər VİDEO
Bakı, 30 iyun, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində rejim qaydalarına nəzarətin gücləndirilməsi üzrə zəruri tədbirlər davam etdirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Dövlət Sərhəd Xidmətinin texniki təchizatının təkmilləşdirilməsi, yeni müasir avadanlıq və cihazlar quraşdırılmış itisürətli üzmə vasitələri ilə təmin edilməsi dəniz hövzəsinin fasiləsiz nəzarətdə saxlanılması üçün xüsusi əhəmiyyət daşıyır.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, cari ilin iyununda sərhədçilər tərəfindən dəniz yolu ilə ölkəmizə qaçaqmal gətirməyə cəhd göstərmiş cinayətkar qruplar zərərsizləşdirilib. Belə ki, iyunun 19-da DSX Sahil Mühafizəsinin “Müqtədir” sahil nəzarət məntəqəsinin xidməti sahəsindən Rusiya Federasiyasından dəniz yolu ilə qayıqla qaçaqmalın gətiriləcəyi barədə əldə olunan məlumata əsasən, sahilboyu ərazi qapanıb, sərhəd gözətçi gəmisi vasitəsilə ərazi müşahidə altına götürülüb. Keçirilmiş tədbirlər nəticəsində iyunun 20-də saat 01:00 radələrində mühərrikli qayıqla 804 kiloqram nərə cinsli və 7 kiloqram hisə verilmiş balıq, 2,4 kiloqram qara kürü gətirən 8 nəfərdən ibarət qrup saxlanılıb.
İyunun 29-da saat 09:30 radələrində DSX Sahil Mühafizəsinin “Balıqçılar” sahil nəzarət məntəqəsinin xidməti sahəsində dənizdən qayıdan balıqçı qayığının sənədləşdirilməsi zamanı 2 nəfərdən ibarət heyət üzvünün hərəkətləri sərhəd naryadında şübhə doğurduğu üçün qayığa əsaslı baxış keçirilib, qayığın burun və orta hissələrində xüsusi düzəldilmiş gizli saxlanc yerləri aşkar edilib. Gizli yerlərə baxış zamanı 36 ədəd bağlamada ümumi çəkisi 1550 qram qurudulmuş marixuana, 4600 qutu “Kent”, 2000 qutu “MM” markalı siqaret, 5970 konvalyut “Altram-200” adlı dərman preparatı, 15 ədəd “Samsung-Galaxy” markalı mobil telefon aşkar olunaraq götürülüb. İlkin araşdırma zamanı qaçaqmalın şəbəkə qrup tərəfindən dəniz yolu ilə İran İslam Respublikasından gətirildiyi müəyyən olunub.
Hər iki fakt üzrə Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən cinayət işi qaldırılıb, zəruri istintaq tədbirləri davam etdirilir.