CƏMİYYƏT
Azərbaycan seysmoloqlarının sürüşmələrlə bağlı tədqiqatları birinci dərəcəli mükafata layiq görülüb
Bakı, 3 dekabr, AZƏRTAC
Rusiyanın Fundamental Tədqiqatlar Fondu və İranın Milli Elm Fondunun birgə təşkilatçılığı ilə Moskvada “Xəzərin gələcəyi: Elmi layihələr və tədqiqatlar” mövzusunda Beynəlxalq “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli də iştirak edib.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, müzakirələr zamanı Xəzəryanı ölkələrin elmi təşkilatlarının Xəzər dənizinin seysmikliyi, zəlzələ ocaqlarının neft-qaz yataqlarına təsirinə dair əməkdaşlığı və birgə tədqiqatlar aparmasına dair məsələlərə baxılıb. RSXM-nin baş direktoru Q. Yetirmişli Xəzər dənizinin Azərbaycan sektorunun seysmikliyinə dair məruzə ilə çıxış edib.
Tərəflər müzakirələrin ikinci mərhələsinin Tehranda keçirilməsi barədə razılığa gəliblər. Aparılan müzakirələrdən sonra Xəzəryanı ölkələrin elmi təşkilatları arasında əməkdaşlıq forması və istiqamətləri müəyyən olunacaq.
RSXM-nin baş direktoru Rusiya Təbiət Elmləri Akademiyasının 2003-cü ildən etibarən hər il keçirdiyi “EcoWorld-2018” Beynəlxalq Ekoloji müsabiqəsinin mükafatlandırma mərasimində də iştirak edib. Respublika Seysmoloji Xidmət Mərkəzi həmin müsabiqəyə təqdim etdiyi sürüşmələrlə bağlı aparılan tədqiqatlar birinci dərəcəli mükafata layiq görülüb.