İQTİSADİYYAT
Azərbaycan sığorta şirkətlərinin bir qrup əməkdaşı İsveç Krallığında səfərdə olmuşdur
Bakı, 21 iyun (AZƏRTAC). İsveç Avtosığortaçılar Bürosunun dəvəti əsasında Azərbaycan sığorta şirkətlərinin əməkdaşlarından ibarət geniş tərkibdə nümayəndə heyəti İsveç Krallığında səfərdə olmuşdur.
İcbari Sığorta Bürosunun (İSB) təşkilatçılığı ilə reallaşan səfərin məqsədi icbari avtonəqliyyat sığortası, müvafiq informasiya sisteminin istifadəsi, “Yaşıl kart” beynəlxalq avtomobil nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığorta-təminat sistemi sahəsində İsveç Bürosunun iş təcrübəsi ilə tanışlıqdan ibarət olmuşdur.
İSB-dən AZƏRTAC-a bildirilmişdir ki, həmçinin Latviyanın “Nexum İnsurance Technologies” şirkətinin dəvətinə əsasən, Azərbaycan nümayəndə heyəti Riqa şəhərinə birgünlük səfər etmişdir.
Səfər çərçivəsində şirkətin nümayəndələri sığorta bazarında ümumi dinamika və informasiya texnologiyalarının tətbiqi, sığorta şirkətlərinin bundan əldə edə biləcəyi fayda və səmərəlilik, sığorta sahəsində təklif oluna bilən müxtəlif İT həll yolları və s. məsələlər müzakirə olunmuşdur.