İQTİSADİYYAT
Azərbaycan şirkətləri Odessaya sərmayə yatırmağa hazırdırlar
Bakı, 8 aprel, AZƏRTAC
Azərbaycan şirkətləri Ukraynanın Odessa regionuna sərmayə yatırmağa hazırdırlar.
AZƏRTAC Odessa Vilayət Dövlət Administrasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının Ukraynadakı səfiri Azər Xudiyev Dövlət Administrasiyasının sədri Maksim Stepanovla görüşündə bəyan edib.
Azərbaycanın Ukrayna ilə iqtisadi əlaqələrin, xüsusən şəkər istehsalı və yolların yenidən qurulması sahələrində inkişafında maraqlı olduğunu bildirən səfir deyib: “Biz şəkər istehsal etməyi və infrastrukturun inkişafı, tikinti və yolların yenidən qurulması sahələrində işləməyi planlaşdırırıq. Biz tenderdə iştirak üçün artıq bir neçə layihəmizi təqdim etmişik. Biz Odessa regionuna sərmayə yatırmağa hazırıq. Məhz hansı sahəyə sərmayə yatıracağımızı isə hələ müzakirə edəcəyik”.
Maksim Stepanov vurğulayıb ki, Azərbaycan Respublikası Ukraynanın strateji tərəfdaşıdır və öz tərəfindən Azərbaycanın investisiya layihələrinin inkişafına hərtərəfli kömək etməyə hazırdır. O deyib: “Mən əminəm ki, ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın fəallaşması həm Azərbaycana, həm də Ukraynaya faydalı olacaq. Yeyinti və emal sahələrində əməkdaşlığın genişlənməsi Odessa regionunda biznesin inkişafının həqiqətən perspektivli vektorudur. Mən sizin təşəbbüsləri dəstəkləyirəm və Azərbaycanın investisiya layihələrini şəxsi nəzarətimə götürməyə hazıram”.