İQTİSADİYYAT


Azərbaycan standartlarının 40 faizindən çoxu  beynəlxalq standartlara uyğunlaşdırılıb

Bakı, 17 oktyabr, AZƏRTAC

İqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, qeyri-neft sektorunun yüksək inkişafını, ixrac və rəqabət imkanlarını genişləndirmək məqsədilə tədbirlər həyata keçirilir.

AZƏRTAC bildirir ki, bunu “Standartlar şəhərləri daha dayanıqlı edir” devizi altında keçirilən Beynəlxalq Standartlaşdırma Gününə həsr edilmiş tədbirdə komitə sədrinin müavini Niyazi Rəhimov deyib.

Sədr müavini Azərbaycanın inkişaf strategiyasının hazırkı mərhələdə qarşıda duran əsas vəzifələrdən söz açıb.

Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, prioritet sənaye və aqrar sahələrinin müəyyən olunması ilə ölkənin idxaldan asılılığının azaldılmasına və ixrac imkanlarının gücləndirilməsinə yönəlib.

Niyazi Rəhimov bu istiqamətdə keyfiyyət infrastrukturu sahələrinin imkanlarından geniş istifadə olunduğunu vurğulayıb. Texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və patent sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması və qarşıya qoyulmuş vəzifələrin uğurlu icrası məqsədilə islahatların aparıldığını söyləyən komitə sədrinin müavini qanunvericiliyin inkişafını, ikitərəfli və beynəlxalq qurumlarla elmi-texniki əməkdaşlığı, keyfiyyət infrastrukturu sahələrinin idarə edilməsində islahatları və yerli məhsulların və xidmətlərin rəqabət qabiliyyətinin artırılmasını təmin etmək üçün Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Fərmanının mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu Fərmana əsasən komitə tərəfindən milli orqan statuslu 4 publik hüquqi şəxs yaradılıb. Bunlardan biri ölkəmizi standartlaşdırma sahəsində beynəlxalq təşkilatlarda təmsil edən Azərbaycan Standartlaşdırma İnstitutudur.

Niyazi Rəhimov hazırda milli standartlaşdırma sisteminin işində özəl sektorun daha da aktiv iştirakının təmin edilməsi və ölkədə istehsal olunan məhsulların, göstərilən xidmətlərin rəqabət qabiliyyətinin artırılması məqsədilə işlərin aparıldığını, beynəlxalq təcrübəyə əsasən “Texniki tənzimləmə” və “Standartlaşdırma” haqqında yeni qanun layihələrinin hazırlandığını və aidiyyəti üzrə təqdim edildiyini bildirib.

Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru Namiq Tağıyev rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında geniş məlumat verib. Bildirib ki, institut standartların hazırlanmasını, tətbiqini, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyi, habelə standartların tətbiqi ilə bağlı əlaqəli xidmətləri həyata keçirir.

Namiq Tağıyev vurğulayıb ki, beynəlxalq təcrübəni nəzərə almaqla hazırlanmış “Standartlaşdırma haqqında” Qanun layihəsində məhsulların təhlükəsizlik göstəricilərinə, o cümlədən məhsullarla əlaqəli proseslərə, saxlanmaya, qablaşdırmaya, etiketlənməyə və terminologiyaya dair tələblərin texniki reqlamentlərlə, məhsulların keyfiyyət göstəricilərinə dair tələblərin isə standartlarla müəyyən olunması, texniki reqlamentlərin icrasının sahibkarlar üçün məcburi, standartların icrasının isə könüllü xarakter daşıması, məhsulların texniki reqlamentlərə uyğunluğunun qiymətləndirilməsinin onların risk qrupları üzrə təsnifatından asılı olaraq həyata keçirilməsi və yalnız yüksək risk qrupuna aid məhsulların sertifikatlaşdırılmasının məcburi olması ilə bağlı müddəalar öz əksini tapıb.

Standartlaşdırma sahəsində beynəlxalq əməkdaşlıq barədə məlumat verən N.Tağıyev qeyd edib ki, Azərbaycan Respublikası 2003-cü ildən etibarən Beynəlxalq Standartlaşdırma Təşkilatında (ISO) tamhüquqlu üzv kimi, 2011-ci ildən Avropa Standartlaşdırma Təşkilatında (CEN) Assosiativ Standartlaşdırma Orqanı (ASO) statusunda, 2017-ci ildən isə Tərəfdaş Standartlaşdırma Orqanı (HSO) statusunda təmsil olunur.

Hazırda ölkəmizdə 960-dan çox milli standart qüvvədədir ki, bu standartların 45 faizi Avropa və beynəlxalq standartlarına uyğunlaşdırılıb.

Texniki Komitələr haqqında da məlumat verən N.Tağıyev bildirib ki, bu gün iqtisadiyyatın aparıcı sahələri olan qida, neft-qaz məhsulları, informasiya texnologiyaları, kənd təsərrüfatı, tikinti materialları, nəqliyyat sahələri üzrə 13 milli texniki komitə fəaliyyət göstərir.

Sonra Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynallı, ABAD-ın direktoru Rüfət Elçiyev, Sumqayıt Texnologiyalar Parkı MMC-nin istehsalat üzrə direktoru İdris Mustafayev və digərləri qeyri-neft ixrac potensialının artırılması istiqamətində texniki tənzimləmə və standartlaşdırmanın rolunu vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.