İQTİSADİYYAT
Azərbaycan startapçılarının layihələri Gürcüstanda təqdim olunub
Bakı, 31 oktyabr, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisidə ilk Texnologiyalar Parkında "Georgian-Azerbaijan Startup Forum"u keçirilir. Tədbirdə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının nümayəndələri və startapçıları iştirak edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, forum çərçivəsində Gürcüstan və Azərbaycan arasında innovasiyalar, startaplar və informasiya texnologiyaları sahəsində əməkdaşlığın qurulması ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Həmçinin startaplara dəstək, biznes-inkubatorlar və akseleratorlar proqramları ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan və Gürcüstan startapçılarının iki ölkənin bazarına çıxmaları sahəsində qarşılıqlı əməkdaşlığın genişlənməsini müzakirə edib.
Nazirliyin dəstəyi ilə tədbirdə Azərbaycan startapçılarıdan Bakir Omarov və Mia Əliyeva “Omarov's Game Studio”, Arif Mövsümzadə “Spinal”, Sadıx Hüseynov “BuilDay”, Şahlar Paşayev “Healthy Living Support Platform", Tofiq Hidayətzadə “VeloKuryer”, Aydın Əliyev “MyExcelWorld”, Elnur Osmanov “Trainer for Accountants”, Murad Axundov “My Baku Guide”, Anar Əkbərli isə “İRS Cizgi” layihəsini təqdim edib.