İQTİSADİYYAT
Azərbaycan startapçılarının layihəsi beynəlxalq “Startup Village” müsabiqəsinin final mərhələsinə çıxıb
Bakı, 7 iyun, AZƏRTAC
Bu gün Rusiya Federasiyasının “Skolkovo” İnnovasiya Mərkəzində keçirilən beynəlxalq “Startup Village” musabiqəsində Azərbaycan startapçıları Arif Mövsümzadə, Fidan Rüstəmova və Aleksey Cəfərovdan ibarət "Spinal" komandasının "Lia" layihəsi final mərhələsinə çıxıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, onlar müsabiqənin “Biotibb texnologiyaları” nominasiyasının finalçıları olublar. Bu nominasiyada həmyerlilərimiz 4 rəqibi ilə mübarizə aparacaq. Ümumilikdə isə, 30 ən yaxşı startap layihəsi finala vəsiqə qazanıb.
Xatırladaq ki, Rusiya və MDB məkanında innovativ startapların axtarışı üzrə ən böyük tədbir sayılan “Açıq İnnovasiyalar üzrə Startap Turu” cari ilin 17-18 aprel tarixlərində Bakıda baş tutub. Əsas məqsəd yüksək texnologiyalar sahəsində perspektivli və innovativ layihələrin həyata keçirilməsinə dəstək verməkdir.
Məlumat üçün bildirilir ki, “Startup Village” startap-müsabiqəsi “Açıq İnnovasiyalar üzrə Startap Turu” çərçivəsində keçirilən ənənəvi tədbirdir və Avropada ən böyük startap müsabiqələrindən hesab olunur.