İDMAN
Azərbaycan stronqmençiləri Gürcüstanda 2 qızıl medal qazanıblar
Bakı, 7 may, AZƏRTAC
Mayın 5-6-da Gürcüstanda stronqmen üzrə Tbilisi Beynəlxalq Qran-Pri yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Stronqmen Federasiyasının (ASF) dəstəyi ilə turnirdə ölkəmizi 3 idmançı təmsil edib.
Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, turnirdə dünya və Avropa çempionu, yerli və beynəlxalq dərəcəli idman ustası, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rövşən Xəlilov (80 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Yarışda 105 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan dəfələrlə Azərbaycan çempionu olan Aydın Hümbətov da birinci olub. Həmçinin turnirin mütləq çempionu adını qazanıb.
Digər təmsilçimiz Nicat Hüseynov (105 kq) isə 14 idmançı arasında beşinci pillədə yer alıb.
İdmançıların çıxışını yüksək qiymətləndirən ASF-nin prezidenti Bəxtiyar Quliyev qarşıda milli komandamızı ciddi və mötəbər yarışların gözlədiyini deyib: “Hazırda idmançılarımız həmin yarışlara hazırlaşırlar. Ümid edirəm ki, təmsilçilərimiz uğurlu çıxışlarını davam etdirib, ölkəmizi layiqincə təmsil edəcəklər”.
Turnirdə Azərbaycan, Gürcüstan, Almaniya, Estoniya, Latviya, İran və İsraildən 50-dən artıq idmançı gücünü sınayıb.