İDMAN
Azərbaycan taekvondo üzrə Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi edəcəkdir VİDEO
Bakı, 30 aprel (AZERTAC). Azərbaycan Dünya Taekvondo Federasiyasının (WTF) ən fəal üzvlərindəndir. Ölkənizdə taekvondonun inkişafı WTF-in diqqətindən yayınmır. Azərbaycan taekvondo üzrə Avropa çempionatına yüksək səviyyədə ev sahibliyi edəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri WTF-in prezidenti Çunqvon Ço mayın 1-dən 4-dək taekvondo üzrə Azərbaycanda keçiriləcək Avropa çempionatı ilə əlaqədar aprelin 30-da təşkil edilən mətbuat konfransında demişdir.
Azərbaycanın əsas taekvondo yarışlarına ev sahibliyi etməkdə çox böyük təcrübəyə malik olduğunu bildirən Ç.Ço quruma üzv 206 ölkə arasında ölkəmizin xüsusi yer tutduğunu vurğulayaraq demişdir: “Azərbaycanı ötən illər ərzində qazandığı böyük iqtisadi nailiyyətlərə görə təbrik edirəm. Hər səfərimdə Azərbaycanda gedən sürətli inkişafın şahidi oluram. Azərbaycan dünya çempionatına ev sahibliyi etmək üçün də çox böyük təcrübəyə malikdir. Azərbaycan artıq seçilmiş ölkələr arasındadır. Bakıda keçiriləcək Avropa çempionatı ən çox idmançının qatılacağı böyük yarış olacaqdır”.
Sonra Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək ölkəmizdə bir sıra nüfuzlu beynəlxalq yarışların təşkil olunduğunu diqqətə çatdırmışdır.
Avropa Taekvondo İttifaqının (ETU) prezidenti Atanasios Praqalos Bakıda keçiriləcək çempionatın Azərbaycanda taekvondoya böyük marağın bariz nümunəsi olduğunu qeyd etmişdir. ETU-nun prezidenti, həmçinin Azərbaycanda idmana göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Ölkəmizdə ilk dəfə təşkil olunan qitə çempionatında 46 ölkədən 400-dək taekvondoçu mübarizə aparacaqdır.
Çempionatda milli komandamızın baş məşqçiləri Ələkbər İmaməliyev və Gündüz Abdullayevdir. Azərbaycan milli komandasının tərkibində Mikayıl Əliyev (-54 kq), Samir Cavadlı (-58 kq), Ayxan Tağızadə (-63 kq), Elvin Məmmədov (-68 kq), İlkin Şahbazov (-74 kq), Ramin Əzizov (-80 kq), Radik İsayev (-87 kq) və Ceyhun Həsənli (+87 kq), Türkanə Tahirli (-46 kq), Patimat Abakarova (-49 kq), Hülya Oveyoğulları (-53 kq), Günay Ağakişiyeva (-57 kq), Səbinə Mikayılova (-62 kq), Fəridə Əzizova (-67 kq) və Marina Tedeyeva (-73 kq) çəki dərəcələrində mübarizə aparacaqlar.
Taekvondo üzrə birinci Avropa çempionatı 1976-cı ildə İspaniyanın Barselona şəhərində keçirilmişdir.