İDMAN
Azərbaycan taekvondoçuları İsveçdə dörd medal qazanıblar
Bakı, 20 fevral, AZƏRTAC
İsveçin Helsinqborq şəhərində taekvondo üzrə beşinci “Prezident Kuboku” yarışı keçirilir.
AZƏRTAC xəbər verir ki, Avropa yığmalarının iştirak etdiyi yarış Azərbaycan millisi üçün uğurlu başlayıb.
Turnirə qatılan millimizin dörd üzvü mükafata sahib olub. Komandamızın üzvü Payam Qobadi Oğaz (87 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Digər taekvondoçularımızdan Ayxan Tağızadə (74 kq), Radik İsayev (87 kq-dan yuxarı) və Patimat Abakarova (53 kq) yarımfinalda məğlub olaraq turniri bürünc medalla başa vurublar.
Qeyd edək ki, yığmamızın üzvləri Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi altında fevralın 22-də keçiriləcək "Helsinqborq Open" beynəlxalq turnirində də qüvvələrini sınayacaqlar.