İDMAN
Azərbaycan taekvondoçusu Fəridə Əzizova: Final döyüşümdə azarkeşlərimizin dəstəyi sayəsində qalib gəlməyə çalışacağam

Bakı, 18 iyun, Məmməd İsayev, AZƏRTAC
Yarımfinaldakı rəqibim isveçli idmançı Elin Yohanssonu məğlub etmək dörddəbir finaldakı rəqibimdən daha asan oldu. Çünki mən əvvəllər dayanq üzərində onunla döyüşmüşdüm. Həm onu udmuşdum, həm də ona uduzmuşdum. Biz tez-tez görüşdüyümüz üçün artıq bir-birimizin zəif və üstün cəhətlərini yaxşı bilirdik. Belə döyüşdə kim fəallıq nümayiş etdirirsə, rəqibində zəif tərəf tapırsa, o idmançı da qalib gəlir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində iyunun 18-də “Baku Crystal Hall”da keçirilən qadınlar arasında taekvondo yarışlarında final mərhələsinə yüksələn Fəridə Əzizova (-67) həlledici görüşdən əvvəl deyib.
Fəridə Əzizova bildirib: “Finaldakı rəqibim isə 2013-cü ilin dünya çempionu olan Fransa idmançısı Haby Niarenı məğlub edən Avropa çempionu, rusiyalı idmançı Anastasia Barişnikovadır. Bu idmançı Beynəlxalq Qran-pri yarışlarında çempion olub. Eləcə də, 2012-ci ildə keçirilən London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Ancaq rəqibimin güclü və titullu idmançı olmasına baxmayaraq, hesab edirəm ki, hər bir idmançı özünə inanmalıdır. Artıq kimliyindən asılı olmayaraq istənilən rəqibi məğlub etməyə hazıram. Növbəti döyüşümdə də azarkeşlərimizin mənə dəstəyi sayəsində qalib gəlməyə çalışacağam. Çünki mən bu yarışda ölkəmə birinci Avropa Oyunlarının qızıl medalını qazandırmaq istəyirəm”.