İDMAN


Azərbaycan taekvondoçusu Yaponiyada təşkil edilən Qran-Pri turnirinin qalibi olub

Bakı, 15 sentyabr, AZƏRTAC

Azərbaycan taekvondoçusu Milad Beiqi Harçeqani Yaponiyanın Çiba şəhərində keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, G4 kateqoriyalı yarışın sonuncu günündə - sentyabrın 15-də 80 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulan Olimpiya mükafatçımız bütün rəqiblərinə qalib gəlib.

İkiqat dünya çempionumuz fransalı İsmail Souhil, ispaniyalı Daniel Barrera və italiyalı Simon Allesionu mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Finala vəsiqə uğrunda xorvatiyalı Toni Kanaetlə döyüşdən də qalib ayrılan təmsilçimiz həlledici qarşılaşmada rusiyalı Maksim Kramtçovu da məğlub edib. O, bununla aktivinə 40 reytinq xalı yazdırıb.

Sentyabrın 14-də digər taekvondoçumuz Radik İsayev (80 kq) yalnız yarımfinalda məğlub olaraq bürünc medala layiq görülüb.

Beləliklə, Qran-Pridə səkkiz taekvondoçu ilə təmsil olunan Azərbaycan yığması turniri iki medalla başa vurub. M.Harçeqanidən əvvəl Olimpiya çempionu Radik İsayev üçüncü yeri tutub.

Qeyd edək ki, Qran-Pri turnirlərinin növbəti mərhələsi oktyabrın 18-20-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Yarışın final mərhələsi isə dekabrın 6-7-də Moskvada təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.