REGİONLAR
Azərbaycan tarixində atın əhliləşdirilməsi ilə bağlı ikinci unikal nümunələr tapıldı FOTO VİDEO
Cəlilabad, 17 avqust, AZƏRTAC
Cəlilabadda yerləşən qədim yaşayış məskənlərindən birində aparılan arxeoloji qazıntılar zamanı Azərbaycan tarixinə aid yeni nümunələr aşkarlanıb. Ərazidə xüsusi ilə atın əhliləşdirilməsinə dair nümunələrin aşkarlanması tariximizdə ikinci analoji tapıntı hesab olunur.
AZƏRTAC xəbər verir ki, Cəlilabadın Cəfərxanlı kəndində yerləşən Paşatəpə qədim yaşayış məskəni alimlər tərəfindən 1970-ci illərdə qeydə alınsa da, ərazidə arxeoloji tədqiqat işləri aparılmamışdı. Bir neçə gün öncə başlanan ilk qazıntı işləri nəticəsində yerin təxminən 80 santimetr altında Neolit dövrünə aid çoxsaylı maddi mədəniyyət nümunələri aşkarlanıb.
Arxeoloq Vəfa Mahmudovanın sözlərinə görə, ilkin tapıntılar buranın çoxtəbəqəli yaşayış məskəni olduğunu deməyə əsas verir.
Mütəxəssislər bildiriblər ki, tapıntılar arasında təsərrüfat quyusunun, ocaq izinin, insan sümüklərinin qalıqlarının aşkar olunması sözügedən ərazidə uzun müddət oturaq həyatın mövcud olduğunu sübut edir.
Paşatəpə qədim yaşayış məskənində Azərbaycan tarixində ikinci hesab olunacaq atın əhliləşdirilməsi ilə bağlı nümunələr də aşkarlanıb. Qeyd edək ki, ilk belə nümunələr də Cəlilabadda yerləşən Əliköməktəpə yaşayış məskənində aşkar olunmuşdu.