REGİONLAR
Azərbaycan tarixində zəfər yürüşünün, yeniləşmə və sürətli inkişafın, xalqın taleyində dönüşün başlandığı gün
Şəmkir, 14 iyul, Famil Quliyev, AZƏRTAC
YAP Şəmkir rayon təşkilatı ümummilli lider Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsinin 47 illiyinə həsr olunan tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Şəmkir rayon icra hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, rayon təhsil şöbəsinin müdiri, YAP rayon təşkilatı sədrinin müavini Məcid Şıxlinski, gənclər və idman idarəsinin rəisi, YAP rayon Gənclər Birliyinin sədri Emin İsmayılov və YAP fəalları iştirak ediblər.
YAP rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Ulu Öndərin fəaliyyəti dövründə gördüyü işlərdən, onun hakimiyyətə gəlişi ilə ölkəmizdə baş verən müsbət dəyişikliklərdən söz açıb.
F.Vəliyev bildirib ki, 1969-cu ildə Heydər Əliyev rəhbər seçiləndə Azərbaycan o zamankı SSRİ-nin ən geridə qalmış respublikası idi. 1971-ci ildə isə Azərbaycan inkişafın sürətinə görə SSRİ-də ən qabaqcıl respublikaya çevrildi. Əlbəttə, mənəviyyatı, mənəvi-psixoloji mühiti, insana, cəmiyyətə, ölkəyə və rəhbərliyə münasibəti dəyişmədən bu qədər sürətli inkişafı təmin etmək mümkün olmazdı. Ona görə də Heydər Əliyev 47 il bundan əvvəl Azərbaycana rəhbər seçiləndə qarşıda başlıca vəzifə kimi, ilk növbədə, Azərbaycan xalqının mənəviyyatının, mənəvi dəyərlərinin, ölkənin mənəvi-psixoloji mühitinin ciddi surətdə dəyişdirilməsi dururdu. Cavan, qətiyyətli və enerjili lider bu vəzifənin öhdəsindən layiqincə gəldi.
Digər çıxış edənlər ulu öndər Heydər Əliyevin 1969-cu ildə respublikaya rəhbərlik etməyə başladıqdan sonra Azərbaycanın iqtisadi cəhətdən inkişaf edən respublika kimi tanındığını qeyd ediblər. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə həyata keçirilən uzaqgörən siyasət nəticəsində respublikanın iqtisadi, elmi və kadr potensialı güclənib, bütün sahələrdə uğurlu addımlar atılıb. Bu gün Ulu Öndərin uğurlu siyasi kursu onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.