Azərbaycan tarixinin həqiqəti
AzerTAg.az

Bakı, 16 mart, AZƏRTAC
Dünyanın elə dövlət xadimləri, siyasətçiləri var ki, təkcə öz dövrlərində oynadıqları rola görə yox, özlərindən sonra qoyub getdikləri siyasət məktəbinə görə öyrənilir və demək olar ki, tükənmirlər. Ulu Öndər Heydər Əliyevin görkəmli dövlət xadimi, təcrübəli siyasətçi, Azərbaycan dövlətçiliyini xilas edib möhkəmləndirən və inkişaf etdirən müdrik rəhbər kimi həyat və fəaliyyəti müasir tariximizin ən mühüm mərhələsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri kimya elmləri doktoru, professor Əli Zalovun “Azərbaycan tarixinin həqiqəti” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Tarixin müxtəlif dövrlərində başı bəlalar çəkməmiş xalq yoxdur. Bəlkə də, dünya xalqları içərisində ən faciəli tarix yaşamış Azərbaycan xalqı haqqında danışanda milli təəssübkeşlikdən əlavə ağır düşüncələr içərisindən keçməli olursan. Tarixin üzgörənlik etmir. Əgər belədirsə, ən yeni tarixdə Azərbaycanın faciələrini, fərəhli günlərini, dövlətçiliyinin sürətli inkişaf anlarını danmağa kimsənin gücü çatmaz. Heydər Əliyev siyasi fenomen kimi Azərbaycan tarixinin həqiqətidir. Həqiqət isə bütün hallarda tarixin sınaqlarından üzüağ çıxır. Tarix heç kimin xidmətini unutmadığı kimi, Heydər Əliyevin də Azərbaycan dövlətçiliyi uğrunda əvəzsiz mübarizəsini unutmayacaq. Bu gün Azərbaycan dövlətinin mövcudluğuna görə xalq Heydər Əliyevə minnətdardır. 1993-cü ilin yayında xalq həmin böhranlı günlərdən azad olmaq üçün Heydər Əliyevin hakimiyyətə qayıdışını arzulayırdı. Müstəqillik illərində Ümummilli Liderin hakimiyyətə dönüşü təlatümlü, xalqımız üçün taleyüklü bir dövrə təsadüf edirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin qarşısında müstəqil Azərbaycanı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən xilas etmək kimi məsuliyyətli və tarixi vəzifələr dururdu. Xalqımız çox gözəl bilirdi ki, ölkəni bu vəziyyətdən yalnız zəngin siyasi-iqtisadi və idarəçilik təcrübəsinə malik dahi Heydər Əliyev şəxsiyyəti xilas edə bilər. Çünki Ümummilli Liderin uzun illər ərzində qazandığı siyasi təcrübə, idarəçilik bacarığı və doğma vətəninə olan dərin məhəbbəti onun bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu.
Ulu Öndər Heydər Əliyev bütün bacarığını səfərbər edərək tezliklə ölkədə baş alıb gedən tənəzzülü dayandırdı və tərəqqiyə nail oldu. Ölkədə mövcud olan problemlər tədricən həllini tapdı, iqtisadi və siyasi sabitlik təmin olundu və beləliklə də, iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması və s. istiqamətlərdə konkret proqram və layihələrin işlənib hazırlanmasına başlanıldı. Başqa sözlə desək, siyasi-iqtisadi sabitliyə nail olmaq və Azərbaycanı dünyaya tanıtmaq qarşıda duran ən mühüm vəzifələrdən idi. Ona görə də əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunması ilə yanaşı, həm də dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb oldu. Bu isə öz növbəsində, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı daha da ruhlandıraraq onların ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün ciddi zəmin yaratdı.
Təbii ki, xaricdə yaşayan həmvətənlərimizin bir ideya ətrafında birləşdirilməsi ölkənin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Bu gün onlar dünyanın harasında yaşamalarından asılı olmayaraq Azərbaycanla fəxr edir, onun uğurlarından qürur duyur və fərəh hissi keçirirlər. Bütün bunlara görə, həm də milli birliyə və dünya azərbaycanlılarının həmrəyliyinə nail olduğumuz üçün Ümummilli Liderimiz Heydər Əliyevə borcluyuq.
“Əsrin müqaviləsi” üzrə hasil edilən Azərbaycan neftinin dünya bazarlarına ixracı üçün ilkin dövrlərdə Bakı-Novorossiysk və Bakı-Supsa neft boru kəmərlərindən istifadə olunurdu. Lakin yaxın illərdə müqaviləyə daxil olan yataqlar üzrə illik hasilatın 50 milyon tona çatdırılacağını nəzərə alan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə daha böyük nəqletmə imkanına malik ixrac marşrutları araşdırıldı və optimal variant kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri seçildi. Məhz buna görə də layihənin həyata keçirilməsində fenomen siyasətçi Heydər Əliyevin əvəzsiz xidmətlərini nəzərə alan layihə iştirakçıları 2004-cü ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etdilər. Beləliklə də, “Üç dənizin əfsanəsi” adlanan Bakı-Tbilisi-Ceyhan layihəsi reallığa çevrilərək xalqımızın maddi-rifah halının yaxşılaşdırılması və doğma Azərbaycanın qüdrətli dövlət olmasına öz töhfəsini verməkdədir. İndi müstəqil Azərbaycan dövləti öz təbii sərvətlərinin sahibi kimi neft strategiyasını uğurla həyata keçirir.
Heydər Əliyevin böyük uzaqgörənliklə apardığı neft strategiyası siyasəti ölkəmizin iqtisadiyyatının digər qeyri-neft sahələrinin inkişafına təkan verir, onu öz ardınca aparırdı.
Azərbaycan öz müstəqilliyini qorumaq naminə bütün imkan və vasitələrdən istifadə etmiş, əslində qeyri-bərabər döyüşdə geri çəkilməmiş, möhtəşəm dövlət qurmaq naminə xalqın möhtəşəmliyinə arxalanmaqla hər cür əzab və iztirablara sinə gərmişdir.
Azərbaycan regionda və dünyada ən dinamik inkişaf edən ölkə imicini qazanmış, intensiv və səmərəli inkişaf modelini dünyaya təqdim etmişdir. 2003-2008-ci illər ərzində dövlət başçısının tapşırıqlarına uyğun olaraq, ölkənin iqtisadi inkişafında ayrı-ayrı sahələrin dinamik inkişafının təmin edilməsi ilə yanaşı, nəqliyyat sisteminin potensialından tam və səmərəli istifadə edilməsini təmin etmək üçün çox böyük işlər görülmüşdür. Buna misal olaraq, bünövrəsi Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan “İpək yolu” layihəsinin reallaşması istiqamətində görülən işləri, yol-nəqliyyat infrastrukturlarının təkmilləşdirilməsi sahəsindəki quruculuq işlərini, nəqliyyat qovşaqlarının müasir standartlar səviyyəsinə çatdırılması tədbirlərini və digər yüzlərlə belə nümunələri sadalamaq olar. Eyni zamanda, araşdırmalar göstərir ki, Azərbaycan Respublikasının həm respublikadaxili, həm də tranzit daşımalardan maksimum səmərəli istifadəsini təmin etmək məqsədilə ölkəmizin yol-nəqliyyat infrastrukturlarının təkmilləşdirilməsi, onların müasir standartlara və yerli tələblərə uyğun yenidən qurulması istiqamətində mühüm işlər görülmüşdür.
XX əsrin 90-cı illərinin əvvəllərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından qaynaqlanan hərbi təcavüz siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizə qədərinin işğal edilməsi, bir milyona yaxın vətəndaşın məcburi köçkünə çevrilməsi Birinci Qarabağ müharibəsinin acı nəticəsi tariximizin ən kədərli səhifələrindən biridir.
Qarabağın azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, məcburi köçkünlərin öz evlərinə qayıtmasının təmin edilməsi Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu idi. Prezident olaraq onun vaxtının və enerjisinin böyük hissəsinin həmin problemlərə həsr olunduğunu özü dəfələrlə etiraf etmişdi. Nizami ordu yaradıldı, onun döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm nailiyyətlər qazanıldı, beynəlxalq rəydə problemə baxış köklü surətdə dəyişdirildi.
Ümummilli Lider 2003-cü ildə növbəti prezident seçkiləri ərəfəsində xalqa müraciətində özünəməxsus daxili inamla deyirdi: "Mənim edə bilmədiklərimi İlham Əliyev həyata keçirəcəkdir. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Azərbaycan dövlətinin quruculuğu yolunda hər cür əzab-əziyyətlərə, məşəqqətlərə sinə gərən Azərbaycan xalqı dünyanın çalxalandığı bir zamanda hakimiyyətə gəlmiş Heydər Əliyevin böyük siyasi təcrübəsinə arxalanmaqla bu vəzifənin öhdəsindən gələ bildi. Pərən-pərən düşmüş, məğlubiyyət acısını dadmış, öz gücünə inamı itirmiş Azərbaycan Silahlı Qüvvələrini yenidən mütəşəkkil, nizami qaydada qurmaq üçün həyatın və siyasətin hərbin sirlərini bilən komandana zamanın və xalqın ehtiyacı var idi. Heydər Əliyevin keçdiyi siyasi təcrübə yolu, böyük məktəb olmasaydı və xalq müqəddəs ideyalar uğrunda birləşdirilməsəydi, bu nəhəng vəzifənin öhdəsindən gələ bilərdimi? Azərbaycan dövlətinin varlığını, mövcudluğunu və müstəqilliyini Azərbaycan ordusu olmadan təsəvvür etmək mümkün deyildir. Azərbaycan ordusunun Ali Baş Komandanı Heydər Əliyev Azərbaycan mənafeyi uğrunda əsgər fədakarlığı ilə döyüşürdü. Bu döyüşün özü onun yaratdığı ordunun hər bir əsgəri üçün ən bariz nümunə idi.
Müstəqil Azərbaycan dövlətinin qurulması Heydər Əliyevin arzuları və ideyaları sistemində, heç şübhəsiz, mərkəzi yer tuturdu. Onun fəxrlə, xüsusi qürur hissi ilə müstəqil Azərbaycan dövlətinin qurulmasını özünün fəaliyyətinin başlıca qayəsi, şah əsəri hesab etməsi deyilən fikrin təsdiqi kimi başa düşülməlidir.
Müstəqil Azərbaycan dövlətinin və onun etibarlı gələcəyinin möhkəm iqtisadi dayaqlarının yaradılması Heydər Əliyevin arzularının əsas hədəfini təşkil edirdi. Heydər Əliyev dühasının məhsulu olan neft strategiyasının işlənib hazırlanması və "Əsrin müqaviləsi"nin imzalanması dahi insanın bu arzularının həyata keçirilməsində müstəsna rol oynamışdır. Əgər bugünkü Azərbaycanın inkişafının bir neçə fundamental dayaqlarından danışmalı olsaq, ilk növbədə, neft strategiyasını və onun ölkəmizə bəxş etdiyi əvəzolunmaz töhfələri yada salmalıyıq.
Heydər Əliyevin böyük arzuları Azərbaycanın təkcə cari inkişafı ilə deyil, daha çox gələcəyi ilə əlaqədar idi. Onun arzuları və ideyaları gələcək qüdrətli, firavan Azərbaycana hədəflənmiş strategiyanı xatırladırdı. Dahi siyasətçi müstəqil dövlətin qurulması yolunda atdığı hər addımına gələcəyin başlanğıcı, təməl daşı kimi baxırdı və bu mənada onun rəhbərliyi sabaha ünvanlanmış fəaliyyət qismində qavranılmalıdır.
Heydər Əliyevin fəaliyyəti, xalq qarşısında xidmətləri misilsiz olduğu kimi, onun arzuları da böyük və möhtəşəm idi. “Azərbaycan bütün dünyaya günəş kimi doğacaq”,- deyən Ümummilli Lider həm də böyük optimist idi. Tale onun optimizminə həmişə haqq qazandırırdı. Azərbaycanın dünyanın ən uğurlu dövləti kimi qəbul edilməsi, günü-gündən inkişafın yeni pilləsinə qalxması Heydər Əliyevin dərin optimizminə əsaslanan böyük arzularının həyata keçirilməsinin əyani ifadəsidir.
Xəbərin mətnində orfoqrafik səhv var