CƏMİYYƏT


Azərbaycan tarixinin mərhələli piramidasının və “Fədailər” videoklipinin təqdimatı olub

Bakı, 30 oktyabr, AZƏRTAC

Oktyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı və Azərbaycan Hərb Tarixi Muzeyinin (AHTM) təşkilatçılığı ilə Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər İctimai Birliyi tərəfindən hazırlanmış “Zirvəyə aparan yol” adlı Azərbaycan tarixinin mərhələli piramidasının və Silahlı Qüvvələrimizin Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdikləri qəhrəmanlıqlara həsr olunmuş “Fədailər” videoklipinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Hərb Tarixi Muzeyində keçirilən tədbirdə “Azərbaycan xalqının qədim və qəhrəmanlıqla zəngin tarixi” mövzusunda məruzə ilə çıxış edən muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə Azərbaycan xalqının çoxəsrlik tarixinin misilsiz qəhrəmanlıq səhifələri ilə zəngin olduğunu vurğulayıb. Azərbaycanın ən qədim dövrlərdən bu günədək çətin sınaqlardan keçdiyini deyən məruzəçi bildirib ki, xronoloji prinsipə əsaslanan piramidanın hazırlanmasında muzeyin əməkdaşları, Müdafiə Nazirliyinin bir çox idarələrinin peşəkar hərbçiləri yaxından iştirak ediblər. Layihənin məqsədi Azərbaycan tarixini ümumiləşdirərək yığcam, dolğun, sadə və anlaşıqlı dildə diqqətə çatdırmaqdır.

Azərbaycan Hərb Tarixi Muzeyinin direktor müavini, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, 701 saylı hərbi hissənin tərbiyəvi işlər üzrə müavini, ehtiyatda olan polkovnik-leytenant İntiqam Mirzəyev, Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsinin professoru, tarix elmləri doktoru, ehtiyatda olan birinci dərəcəli kapitan Nurulla Əliyev və digər çıxış edənlər belə bir xronoloji piramidanın hazırlanmasını və “Fədailər” klipinin çəkilməsini yüksək qiymətləndiriblər.

Diqqətə çatdırılıb ki, piramidanın 11 pilləsində Vətənimiz Azərbaycanın ən qədim zamanlardan bu günədək olan tarixinin ən vacib məqamları əks etdirilib. Piramidanın I pilləsində Azıx mağarası və Qobustan qayaları da daxil olmaqla xalqımızın tarixinin ən qədim dövrü təbliğ olunur. Piramidanın II-III pillələrində əsasən tariximizin orta əsrlər dövrü əks olunub. Burada Cavanşir, Babək, Uzun Həsən və digər qəhrəmanlarımız, Nizami Gəncəvi başda olmaqla elm və mədəniyyət xadimlərimiz haqqında məlumatlar diqqətə çatdırılır. Bu bölmədə həmçinin Şah İsmayıl Xətai, Nadir Şah Əfşar, habelə XVIII əsr Azərbaycan xanlıqları haqqında ardıcıl məlumatlar var.

Dördüncü pillədə Azərbaycan tarixinin XIX-XX əsrin əvvəllərindəki dövrü əks etdirilir. Burada Gülüstan və Türkmənçay müqavilələri, həmçinin Azərbaycanda maarifçilik hərəkatının inkişafında misilsiz rol oynamış Həsən bəy Zərdabi, Hacı Zeynalabdın Tağıyev, Mirzə Kazım bəy və başqa görkəmli şəxsiyyətlər haqqında məlumat verilir.

Piramidanın V pilləsi bütünlüklə Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilib. Sonrakı pillədə Azərbaycanın sovet dövrü tarixinə işıq salınıb. Bu pillədə Cəmşid Naxçıvanski, Həzi Aslanov, Mehdi Hüseynzadə və digər qəhrəmanlarımızla yanaşı, Üzeyir Hacıbəyov və Müslüm Maqomayev kimi mədəniyyət xadimlərimiz haqqında da məlumatlar təqdim olunur. Bu pillədə, həmçinin 20 Yanvar faciəsi, eləcə də bu qanlı qırğının ertəsi günü xalqımızın ulu öndəri Heydər Əliyevin imperiya rəhbərliyinə qarşı kəskin etirazları əksini tapıb.

Qeyd edilib ki, piramidanın VII və VIII pillələri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsinə, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin, o cümlədən Milli Ordumuzun yenidən quruculuğuna dair məlumatlarla zəngindir. Növbəti – doqquzuncu bölmədə Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan Respublikasının daxili siyasi həyatında, o cümlədən ordu quruculuğunda əldə etdiyi nailiyyətlər, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində görülmüş işlər, qazanılmış nailiyyətlər nümayiş etdirilir.

Piramidanın onuncu pilləsində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə respublikamızın XXI əsrin əvvəllərində əldə etdiyi böyük nailiyyətlər əks olunub. Bu pillədə Azərbaycanın təkcə kosmik sahədə, beynəlxalq idman həyatında, iqtisadiyyatda, beynəlxalq hərbi əməkdaşlıqda qazandığı nailiyyətlər yox, həm də ordumuzun uğurları da əksini tapıb.

Diqqətə çatdırılıb ki, piramidanın sonuncu – on birinci pilləsi bütünlüklə Azərbaycan Xalq Cümhuriyyətinə, Milli Ordumuzun 100 illik yubileyi və Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyi münasibətilə paytaxtımızda keçirilən möhtəşəm paradlara həsr olunub. Bu pillədə Ali Baş Komandan İlham Əliyevin yubileylər münasibətilə çıxışlarından fikirlər, Azərbaycan-Türkiyə dostluğunu əks etdirən fotolar yer alıb.

Sonra “Fədailər” klipi nümayiş etdirilib.

“Fədailər” mahnısının ifaçısı, Azərbaycanın Xalq artisti Eyyub Yaqubov bu klipin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Çıxış edənlər belə kliplərin gənclərimizin vətənpərvər ruhda tərbiyəsində əhəmiyyətini vurğulayıblar.

Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa həsr olunmuş “Fədailər” mahnısının sözləri və musiqisi Əzizağa Qənizadəyə məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.