ELM VƏ TƏHSİL
Azərbaycan tarixinin şərəfli səhifəsi
Bakı, 26 may, AZƏRTAC
Mayın 28-i müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması günüdür. İki gündən sonra bu əlamətdar hadisənin 100 illiyi geniş qeyd olunacaq.
Bu fikir Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) keçirilən tədbirdə səsləndirilib.
BİTKol-dan AZƏRTAC-a bildirilib ki, kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar Müəllim Faiq Şahbazlı xalqımızın tarixinə şanlı hadisə kimi daxil olan AXC-nin yaranması haqqında məlumat verib. F. Şahbazlı qeyd edib ki, müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət kimi tarixə düşən AXC xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail olub. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərmiş AXC demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və digər sahələrdə həyata keçirdiyi işlərlə Azərbaycan xalqının tarixində parlaq səhifə yaradıb. F.Şahbazlı vurğulayıb ki, 1991-ci ildə müstəqilliyini yenidən bərpa edən, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra daha da inkişaf edən, beynəlxalq aləmin nüfuzlu üzvünə çevrilən, Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın lider dövləti olan müasir Azərbaycan 1918-1920-ci illərdə cəmi 23 ay fəaliyyət göstərmiş AXC-nin siyasi varisidir.
Kollecin direktoru tələbə gəncləri müasir müstəqil Azərbaycanı daha dərindən sevməyə, daim ölkəmizin inkişaf etməsi, tərəqqisi üçün çalışmağa səsləyib.
Tədbir bədii hissə ilə davam etdirilib.