MƏDƏNİYYƏT
Azərbaycan teatrının növbəti beynəlxalq uğuru
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi cari repertuarında olan və bir sıra beynəlxalq festivallarda uğurla çıxış edən “Kontrabas” tamaşası ilə növbəti səfərdən qayıdıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dəfə tamaşa Moldovanın Kişineu şəhərində keçirilən və kiçik həcmli tamaşaların nümayiş olunduğu “MOLDFEST.RAMPA.RU” VIII Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil edib.
Sözügedən tamaşa Moldova Dövlət Dram Teatrının səhnəsində nümayiş olunaraq çox böyük uğur qazanıb. Belə ki, səhnə əsəri festivalda iştirak edən ən uğurlu tamaşa kimi qiymətləndirilərək diplom və mükafata layiq görülüb.
Festivalda Azərbaycanla yanaşı, Moldova, Belarus, Rusiya, İsrail, Serbiya və digər ölkə teatrlarının yaradıcı heyətləri iştirak ediblər.
Festival çərçivəsində aktyor və rejissor sənətinə aid bir sıra treninqlər, ustad dərsləri və tamaşaların müzakirələri keçirilib, sənət ocağı bir neçə ölkədə keçiriləcək beynəlxalq teatr festivallarına dəvət alıb.