ELM VƏ TƏHSİL
“Azərbaycan” tematik markalar albom-kitabı MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına (MEK) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərmarka” şirkəti tərəfindən “Azərbaycan” tematik markalar albom-kitabı hədiyyə edilib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, şirkətin Azərbaycan və ingilis dillərində çap edilən ən son nəşri olan albom-kitabda “Azərbaycan təbiəti”, “Azərbaycan memarlığı”, “Azərbaycan - tolerantlıq məkanı”, “Azərbaycanın kosmosdan görüntüləri”, “Azərbaycan idmanı”, “Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət növləri”, “Azərbaycan musiqi alətləri”, “Azərbaycan mətbəxi” bölmələri yer alıb.
Azərbaycanın tarixinin, mədəniyyətinin, incəsənətinin, milli adət-ənənələrinin dünyada təbliği baxımından informativ dəyər daşıyan albom-kitab MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.