ELM VƏ TƏHSİL
“Azərbaycan tərcümə ensiklopediyası” çapdan çıxıb
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarı ilə nəşr olunan “Azərbaycan tərcümə ensiklopediyası” rektoryanı şuranın iclasında təqdim edilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, ilk dəfə oxuculara təqdim olunan “Azərbaycan tərcümə ensiklopediyası”nda tərcümənin fəlsəfi əsasları, predmet və problemləri, ölkəmizdə tərcümə tarixinin mühüm məqamları, nəzəri-təcrübi məsələləri əhatə olunub.
Ensiklopediya həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərini ehtiva edir, elmi işlər üçün son dərəcə ciddi həm faktoloji, həm də nəzəri bünövrə rolunu oynayır. Nəşrdə tərcüməçilər və bu sahə ilə maraqlananlar, eyni zamanda, yazarlar, filoloqlar, gənc ədəbiyyatşünaslar üçün faydalı məlumatlar yer alıb.
Kitabın redaksiya heyətində Kamal Abdulla (baş redaktor), Anar, Leyla Əliyeva (məsul katib), Rövşən Əliyev, Rüstəm Hacıyev, İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə, Möhsün Nağısoylu, Tofiq Nağıyev təmsil olunurlar. Rəyçilər isə filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyev, filologiya üzrə elmlər doktoru, professor Aydın Ələkbərov, filologiya üzrə elmlər doktoru, professor Lidiya Qranovskaya və filologiya üzrə fəlsəfə doktoru Etibar Əliyevdir.
Kitabın ideya müəllifi, ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, 10 ildən çox müddət ərzində tərtib edilən bu əsər əsl bilik xəzinəsidir. Rektor qeyd edib ki, Azərbaycan ədəbiyyatında praktik tərcümə ilə bağlı heç bir vacib şəxs, heç bir əhəmiyyətli əsər bu kitabda unudulmayıb: “Ola bilər ki, bəziləri barədə daha dolğun məlumat əldə edə bilməmişik, lakin onlar haqqında məlumatlar növbəti nəşrimizdə mütləq yer alacaq. Kitabın hazırlanmasının arxasında çox böyük zəhmət dayanır. Burada böyük bir komandanın əziyyəti var. Biz Bakı Slavyan Universitetində belə bir nəfis kitabı ərsəyə gətirmək üçün illər öncə çox ciddi işlərə başlamışdıq və artıq işimizi yekunlaşdırdıq. İnanıram ki, bu kitab tərcüməşünaslar, mədəniyyətşünaslar, filoloqlar, yazıçılar üçün son dərəcə əhəmiyyətli bir vəsait olacaq”.
Universitetin tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev, rektorun müşavirləri dosent Seyfəl Həsənov və Ələddin Əliyev, beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli, tərcümə və mədəniyyətşünaslıq fakültəsinin dekanı Bənövşə Məmmədova, təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov, filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli, Azad Həmkarlar İttifaqının sədri Misgər Məmmədov “Azərbaycan tərcümə ensiklopediyası” kitabının gənclərin stolüstü vəsaitinə çevriləcəyini vurğulayıblar. Qeyd olunub ki, həm də dövlət sərəncamlarının, sənədlərin, “Dünya ədəbiyyatı kitabxanası”na daxil edilmiş əsərlərin siyahısının yer aldığı bu kitab tərcümə sənəti və tərcümə elminə, Azərbaycan tərcümə tarixinə dair bir çox önəmli məqamları özündə ehtiva edir.