ELM VƏ TƏHSİL
“Azərbaycan tətbiqi sənət emalatxanası” layihəsi uğurla reallaşdırılır
Bakı, 10 oktyabr, AZƏRTAC
Təhsil Nazirliyinin elan etdiyi təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsində ümumtəhsil məktəblər kateqoriyası üzrə qalib seçilmiş “Azərbaycan tətbiqi sənət emalatxanası” layihəsi uğurla həyata keçirilir.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası tərəfindən icra olunan layihənin əsas məqsədi milli mədəniyyətimizin təbliğində böyük əhəmiyyətə malik xalçaçılıq, zərgərlik, dulusçuluq, keramika, bədii tikmə kimi sənət növlərini qoruyub saxlamaq, gənc nəsillərə ötürməkdir.
Layihə çərçivəsində Xalq rəssamı, xalçaçı-rəssam Eldar Mikayılzadə və Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam, heykəltəraş Namiq Dadaşov gimnaziyada ustad dərsləri keçiblər.
Gimnaziyanın bütün siniflərindən müxtəlif yaş qruplarında olan bacarıqlı şagirdlər layihədə iştirak edəcəklər. Layihə çərçivəsində ustad dərsləri ilə yanaşı, emalatxanaların davamlı işinin, hazırlanan əl işlərindən ibarət sərginin təşkili də nəzərdə tutulub.
Layihə rəhbəri, Respublika İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova istedadlı şagirdlərin üzə çıxarılması baxımdan Təhsil Nazirliyi tərəfindən keçirilən qrant müsabiqələrin əhəmiyyətini vurğulayıb.