ELM VƏ TƏHSİL
Azərbaycan toponimləri ilə bağlı kitab nəşr olunub
Bakı, 26 iyun, AZƏRTAC
AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun dissertantı, türk dünyasının toponimik tədqiqatçıları arasında özünün dəst-xəti, orijinal yanaşması ilə seçilən, qayaüstü rəsmlərin və qədim xalçaların yorulmaz araşdırıcısı Şakir Qabıssanlının “Bəşəri tarixə bağlı Azərbaycan toponimləri” adlı kitabı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya və Folklor institutları Elmi şuralarının qərarı ilə nəşr edilib. Əsərin elmi redaktoru Coğrafiya İnstitutunun şöbə müdiri, dosent Zaur İmranidir.
Müəllif kitabında özünün fərqli yanaşmaları ilə bəşər tarixinin ilkin qaynaqlarına bağlı toponimləri üzə çıxarır və onların Azərbaycanla bağlılığını önə çəkir. Adəm, Nuh peyğəmbərlərlə bağlı toponimlərin məhz Azərbaycana aid olmasını dini və elmi əsaslarla sübut etməyə çalışır. Toponimlərin areallarının dünyaya bağlılığının Azərbaycanla əlaqələri göstərilməklə yanaşı, dilçilik, fəlsəfi və tarixi baxımdan başlanğıc təkanının Azərbaycandan başlanması tarixi faktlarla irəli sürülür. Digər bir tərəfdən, Azərbaycanla bağlı qədim toponimlərin saxtalaşdırılma amilləri üzə çıxarılır, qədim tarixi adların mifoloji-fəlsəfi mənaları özünə qaytarılır. Bir çox toponimlərin dünyanın ilk petroqlifləri olan Qobustan qayaüstü təsvirlərinin sivil davamı sayılan xalça işarələri ilə əlaqəsi məntiqi mənalarla önə çəkilir.