MƏDƏNİYYƏT
Azərbaycan turizmi Milanda böyük maraq doğurmuşdur
Bakı, 2 mart (AZƏRTAC). İtaliyanın Milan şəhərində “BİT- 2011” Beynəlxalq turizm sərgisi başa çatmışdır.
Dörd gün davam edən sərgidə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin turizm potensialını nümayiş etdirmək üçün 24 kvadratmetrlik sahə icarəyə götürülmüşdür.
“BİT- 2011” sərgisində Azərbaycan turizmi haqqında məlumatları ziyarətçilərə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin təbliğat və marketinq sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva və Bakı Turizm İnformasiya Mərkəzinin turizm üzrə eksperti Bəxtiyar Qılıncov vermişlər.
Sərgidə Azərbaycanın “GEO travel”, “Gilan travel” turizm şirkətləri də iştirak etmişlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sərgiyə 45-dən çox ölkəni təmsil edən turizm şirkətləri qatılmışlar. Azərbaycanın turizm potensialı ilə bağlı məlumatların yer aldığı pavilyonla həm yerli, həm də xarici ölkələrdən gələn ziyarətçilər maraqlanmışlar. Onlara ölkəmizin turizm potensialını təbliğ edən ingilis dilində müxtəlif reklam-çap məhsulları təqdim edilmişdir. Bu təbliğat vasitələri sərgiyə gələnlər tərəfindən böyük maraqla qarşılanmışdır.