SİYASƏT


Azərbaycan üçün Qarabağ inkişafın lokomotivi və ilham mənbəyidir

Bakı, 27 aprel, Rauf Hacıyev, AZƏRTAC

Vətən müharibəsində qazanılmış Qələbədən sonra Azərbaycanın qarşısında işğaldan azad edilmiş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün tarixi, mədəni irsin bərpası, əhali üçün layiqli həyat şəraitinin yaradılması, nəhayət, reinteqrasiyanın təşkili kimi çətin vəzifələr dayanır. Lakin bu, kifayət qədər böyük həcmdə maliyyə vəsaiti, böyük işçi qüvvəsi, xeyli vaxt və böyük siyasi iradə tələb edən prosesdir.

Prezident İlham Əliyev istər Qarabağa səfərlərində, istərsə də xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşündə bəyan edib ki, Azərbaycan işğaldan azad edilmiş əraziləri cənnətə çevirəcəkdir. Bunun üçün yenidənqurma prosesində Lüksemburqdan dörd dəfə böyük olan ərazidə, yəni, Qarabağda “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji” konsepsiyalarından istifadə olunacaq. Bu məqsədlə Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsi, dəymiş ziyanın sənədləşdirilməsi və hesablanması ilə yanaşı, Prezident İlham Əliyevin birbaşa nəzarəti altında tikinti-bərpa işlərinə başlanılıb.

Hazırda Qarabağda inkişafın yeni modeli – “smart region” yanaşması tətbiq edilir. Buraya müasir şəhərsalma, Dördüncü Sənaye İnqilabının çağırışlarına uyğun yanaşma, xarici kapital və ən əsası, yeni idarəetmə modeli daxildir. İndi Azərbaycan Qarabağın dirçəlməsi üçün “ağıllı şəhər”, “ağıllı kənd” sistemlərini tətbiq etmək üçün bütün resursları, eyni zamanda, maraqlı tərəfləri – dost ölkələri və beynəlxalq təşkilatları səfərbər edib. Qarabağda görüləcək işlər Azərbaycanın növbəti 10 il üçün milli prioritet kimi müəyyən etdiyi sosial-iqtisadi inkişafına uyğundur. Buraya rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi də daxildir.

Təbii ki, Qarabağın təbii resurslarından səmərəli istifadə, regionun ənənəvi sahələrindən olan aqrar sektorun və turizmin inkişafı, bölgənin respublika iqtisadiyyatına inteqrasiyası, o cümlədən Qarabağda məskunlaşacaq əhalinin sosial rifahını təmin etmək qarşıda duran əsas məqsəddir.

Prezident İlham Əliyev də bəyan etdiyi kimi, Qarabağda bərpa ediləcək şəhər və kəndlərdə ilk dəfə olaraq şəhərsalmanın müasir nailiyyətləri və prinsipləri tətbiq ediləcək. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri Qarabağı “smart” və ekoloji cəhətdən inkişaf etmiş bir regiona çevirəcək. Münbit torpaqlar, şirin su mənbələrinin sıxlığı, bol yağıntı və günəşli günlərin çoxluğu, eyni zamanda, müasir aqrar sahədəki innovativ yanaşmalar burada kənd təsərrüfatının ənənəvi sahələrinin intensiv inkişafına şərait yaradacaq. Bu isə öz növbəsində Qarabağda ekoloji cəhətdən sağlam məhsulların yetişdirilməsini və “Made in Azerbaijan” brendi ilə ixracını stimullaşdıracaq.

Qarabağda “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tətbiqi bölgədə yerli idarəetmədə daha müasir yanaşmaların həllini də şərtləndirir ki, bu da rüşvət və korrupsiya kimi mənfi halların aradan qaldırılmasında Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş sosial və institusional islahatların davamı kimi əhəmiyyətlidir. Məhz buna görə “smart” yanaşma bölgədəki yerli özünüidarəetmə sahəsindəki şəffaflığı, çevikliyi və vətəndaş məmnunluğunu təmin edəcək.

“Ağıllı şəhər” və “ağıllı kənd” layihəsinin tətbiqi bölgədə məskunlaşacaq əhalinin qarşılaşa biləcəyi problemlərin aşkarlanmasına və operativ həllinə də müsbət təsir göstərəcək ki, bu cür yanaşma gələcəkdə vətəndaş məmnunluğunu yüksəldəcək və güclü dövlət modelini möhkəmləndirəcək.

Qarabağ regionunda “ağıllı şəhər” və ağıllı kənd” layihələrinin tətbiqi bölgəni həm də urbanizasiya üçün cazibə mərkəzinə çevirəcək. Sözsüz ki, “smart” konsepsiya əsasında qurulan şəhərlər buradakı işçi qüvvəsi üçün əmək bazarının tələblərinə uyğun yeni bilik və bacarıqlar tələb edəcək. Bu gün Azərbaycanda inkişafın Qarabağ modeli tətbiq edilir. Yeni model özünü doğruldacağı təqdirdə, Azərbaycanın qalan ərazisində də tətbiq ediləcək.

Bir sözlə, uzun illər Ermənistanın yerüstü və yeraltı sərvətlərini talan etdiyi, ekoloji fəlakət zonasına çevirdiyi Qarabağ Azərbaycan üçün inkişafın lokomotivi və ilham mənbəyidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.