ELM VƏ TƏHSİL
“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbi Gəncədə
Bakı, 29 iyul, AZƏRTAC
“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində təşkil olunan yay məktəbinin Gəncə şəhərində açılış mərasimi keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə proqram barədə məlumat verilib. Qeyd olunub ki, proqramın məqsədi bölgələrdə yaşayan və ya təhsil alan, akademik göstəriciləri orta olan tələbələrin karyera inkişaflarına təsir göstərmək, onlara informasiya texnologiyalarından istifadədə, iş seçimi və axtarışında kömək edəcək bilik və bacarıqlar verməkdir.
Yay məktəbi çərçivəsində ölkənin səkkiz bölgəsində yaşayan gənclər karyera və fərdi inkişaf təlimlərində, intellektual yarışlarda iştirak edirlər.
Bu il iyulun 24-də Bakı şəhərindən yola düşən “Təhsil avtobusu - 2017” Quba-Masallı-Sabirabad-Gəncə-Mingəçevir-Zaqatala-İsmayıllı-Bakı marşrutu üzrə səyahət edir.
İyulun 31-dək davam edəcək yay məktəbi “Təhsil avtobusu”nun növbəti ünvanı Mingəçevir şəhəri olacaq.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq həyata keçirilən müvafiq layihə keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasına xidmət edən təhsil proqramıdır.
2016-cı ildə keçirilən proqram nəticəsində səkkiz gün ərzində iki min kilometr yol qət edilib, Bakı və dörd rayonun (Lənkəran, Quba, Gəncə və Şəki) məktəblərindən 200-dən çox şagird seçilib, təlimçi və ekspertlər tərəfindən 100 akademik saat təhsil proqramı və komanda-öyrədici oyunları keçirilib.
Yay məktəbi Təhsil Nazirliyi, “Engin” LTD MMC, “Kapital Bank”ın təşkilatçılığı, “Bakcell”, “Qala Express” MMC, “GoldenPay”, “Microsoft Azərbaycan” və “PAŞA Sığorta” şirkətlərinin dəstəyi və müvafiq qurumların tərəfdaşlığı ilə reallaşdırılır.