ELM VƏ TƏHSİL
“Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində yay məktəbi layihəsinin təqdimatı keçirilib
Bakı, 13 iyul, G.Məlikova, AZƏRTAC
İyulun 13-də S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində təşkil edilən yay məktəbi layihəsinin təqdimatı keçirilib. Layihə Təhsil Nazirliyinin təşkilatçılığı, “Kapital bank”, “İstək” liseyi, “Şərq-Qərb” nəşriyyat evi, STEM təhsil mərkəzi, GR8 şəxsi inkişaf proqramı, Azərbaycan İntellektual Klublar Assosiasiyası, “Youth Inc.” Gənclərin sahibkarlıq proqramı, “SABAH” qrupları və “Bir” tələbə-könüllü proqramının dəstəyi ilə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatları, layihənin tərəfdaş qurumlarının nümayəndələri iştirak ediblər.
F.Qurbanov “Azərbaycan üçün öyrət” layihəsinin ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil platforması olduğunu bildirib. O qeyd edib ki, yay məktəbi layihəsi Bakı, Lənkəran, Quba, Şəki və Gəncə şəhərlərini əhatə edən təhsil marafonudur. Nazir müavini proqramın məqsədinin korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması olduğunu bildirib. Layihənin şagirdlərin dərsə maraq və həvəsini artırmağa xidmət etdiyi vurğulanıb. Bildirilib ki, layihə çərçivəsində akademik göstəriciləri zəif olan məktəblər üçün hər birində iki gün olmaqla ölkənin beş bölgəsində yay məktəbləri keçiriləcək. İyulun 21-dək davam edəcək layihə çərçivəsində şagirdlər intellektual yarışlarda və fərdi inkişaf təlimlərində iştirak edəcəklər.
Milli Məclisin deputatları Hadı Rəcəbli və Vahid Əhmədov, “Kapital bank”ın nümayəndəsi layihənin keçirilməsini yüksək qiymətləndiriblər. Bildirilib ki, şagirdlərin məktəbdə zəif nəticə göstərməsinin səbəblərinə genetik amil, valideynlərin təsiri, məktəb, müəllimlərin potensialı, kompyuter, internet asılılığı kimi amillər daxildir. Qeyd olunub ki, şagirdlərin tanış olmaları üçün tarixi yerlərin seçilməsi də böyük əhəmiyyət daşıyır.