ELM VƏ TƏHSİL


Azərbaycan ukraynalı tələbələrin gözü ilə

Ukraynalı tələbələr: ADA Universiteti Azərbaycanın öyrənilməsi və tanınması üçün misilsiz imkanlar yaradır

Bakı, 25 iyun, AZƏRTAC

ADA Universiteti Ukrayna və ukraynalı gənclərə də diqqət yetirərək, bir çox beynəlxalq layihə həyata keçirir.

ADA Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ukraynanın müxtəlif bölgələrindən olan tələbələr, Ukrayna-Azərbaycan əməkdaşlığının inkişafına, ölkələrimiz arasında diplomatik münasibətlər və Azərbaycan haqqında biliklərin populyarlaşdırılmasına yönəlmiş ali məktəbin layihə və tədbirlərində iştirakları barədə təəssüratlarını bölüşüblər.

“Ukrayna gəncliyi Azərbaycanın Ukraynada tanıdılması prosesinin çox fəal iştirakçısıdır, tələbələr Azərbaycanı dərindən öyrənmək və fəaliyyət profili üçün vacib və perspektivli bir istiqamət hesab edirlər. Buna görə də ADA Universiteti tərəfindən gənclər üçün müsabiqələrin, müntəzəm konfransların, mühazirələr və onlayn görüşlərin keçirilməsi ukraynalı tələbələrə yeni imkanlar, motivasiya yaradır, eyni zamanda, onların Azərbaycanı öyrənmək üçün daha çox imkanlara, Azərbaycandan olan çıxışçılarla, xüsusilə də ADA Universitetinin prorektoru Fariz İsmayılzadə ilə birbaşa və sistemli ünsiyyətə sahib olmasına kömək edir”, - deyə ukraynalı gənc fəal, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukraynadakı nümayəndəsi Marina Qonçaruk bildirib.

“ADA Universiteti tərəfindən təşkil olunan Ukrayna-Azərbaycan diplomatik münasibətlərinə həsr olunmuş Ümumukrayna inşa müsabiqəsində iştirak etdim. Mən çox səy göstərdim, ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin onlayn mühazirələrində iştirak etdim, ölkələrimiz arasındakı diplomatik münasibətləri öyrəndim, birinci yeri qazandım, bunun sayəsində ADA Universitetindəki yay məktəbinə dəvət aldım. Bu mənim üçün çox böyük bir nailiyyətdir, axı təxminən üç ilə yaxındır ki, Azərbaycanın daha ətraflı öyrənilməsinə çox vaxt həsr edirəm. Mən beynəlxalq münasibətlər fakültəsinin tələbəsiyəm, buna görə də gələcək diplomat kimi universitetdəki yay məktəbində olduğum müddətdə yeni praktik biliklər əldə etmək mənim üçün unikal bir fürsətdir. Mən diplomat olmağı xəyal edirəm, məhz Ukrayna-Azərbaycan diplomatik münasibətlərinin inkişafı istiqamətində çalışmaq istərdim”, - deyə Kiyev Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Darya Ponomarenko söyləyib.

V.N.Karazin adına Xarkov Milli Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və turizm biznesi fakültəsinin tələbəsi, fakültənin Beynəlxalq və təhsil proqramlarının baş koordinatoru Olqa Bulqakova Azərbaycandan olan spikerlərlə birbaşa ünsiyyətin, habelə Ukrayna-Azərbaycan layihələrində sual vermək, müzakirə etmək, iştirak etmək, hər iki ölkənin gənclərinin birgə təşəbbüslərini həyata keçirmək imkanının tələbələr üçün həm böyük peşəkar, həm də şəxsi əhəmiyyətə malik olduğunu söyləyib. “Universitetimiz üçün Azərbaycanla fəal əməkdaşlığın inkişafı və davam etdirilməsi çox vacibdir. Məhz ADA Universiteti bu işdə bizə ən böyük mədəni və təhsil dəstəyi göstərir. Xüsusilə də, bu, ünsiyyət üçün yeni platformaların yaradılması, həm universitetin professor-müəllim heyətinin, həm də tələbələrin fəal iştirak etdiyi beynəlxalq Ukrayna-Azərbaycan konfranslarının keçirilməsidir. Biz, miqyasımızı və imkanlarımızı genişləndirərək, ADA Universiteti ilə fəal tərəfdaşlığı davam edəcəyik”, - deyə Olqa Bulqakova qeyd edib.

“Qərbi Ukrayna Milli Universiteti Azərbaycandan olan tərəfdaş qurumlarla əlaqələrini ən fəal şəkildə inkişaf etdirir. Xüsusilə tələbələrimiz ADA Universitetinin layihələrində, eləcə də beynəlxalq konfranslarda fəal iştirak edirlər. “Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlər keçmişin və bu günün prizmasından” mövzusunda Ukrayna-Azərbaycan elmi onlayn konfransını xüsusilə qeyd etmək istərdim. ADA Universiteti tərəfindən təşkil edilən konfrans Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasına həsr olunmuşdu. Diplomatların, məşhur alimlərin, tarixçilərin, dövlət xadimlərinin çox aktual və vacib çıxışlarının səsləndiyi çox vacib bir platformaya çevrildi. Sözsüz ki, mənim üçüncü yerə layiq görüldüyüm Ukrayna-Azərbaycan diplomatik münasibətlərinə həsr olunmuş tələbələr arasında Ümumukrayna inşa müsabiqəsi çox vacib idi”, - deyə Qərbi Ukrayna Milli Universitetinin Boqdan Qavrılışin adına Beynəlxalq Münasibətlər İnstitutunun tələbəsi Ruslana Matuşik söyləyib.

“ADA Universiteti Azərbaycanın anlaşılması və öyrənilməsi üçün misilsiz imkanlar yaradır, xüsusən də universitetin prorektoru Fariz İsmayılzadə bizə çox kömək edir. Ukrayna gəncləri üçün ADA Universitetindən olan hər bir layihə ölkəmizin strateji tərəfdaşı, dostumuz olan Azərbaycanın düzgün yer tutduğu Ukraynanın beynəlxalq münasibətlər sisteminin öyrənilməsində yeni bir mərhələyə qalxmaq, özünü reallaşdırmaq üçün bir şansdır. ADA Universitetinin bütün layihələrində - mühazirələrdə, konfranslarda və biz tələbələr üçün çox vacib meydançalarda iştirak edirəm. Lakin sözsüz ki, son illər ərzində gənclər üçün ən vacib layihələrdən birini, bizim üçün yeni biliklər, imkanlar və resurslar açan tələbələr üçün “Ukrayna-Azərbaycan diplomatik münasibətləri” mövzusunda Ümumukrayna inşa müsabiqəsini hesab edirəm. Birinci yerə layiq görüldüyümə və ADA Universitetindəki yay məktəbinə dəvət aldığıma görə çox şadam. Səmimi qəlbdən digər ukraynalı tələbələrə də bənzər layihələrdə fəal iştirak etməyi və fürsətlər ölkəsini, lider ölkəni - Azərbaycanı kəşf etməyi səmimi qəlbdən arzulayıram”, - deyə Kiyev Mədəniyyət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi Roman Popov söyləyib.

Kiyev Milli Dilçilik Universitetinin Türk filologiyası kafedrasının Azərbaycan qrupunun tələbəsi Andrey Polivin uzun müddət Azərbaycanın, onun mədəniyyəti və tarixinin öyrənilməsində maraqlı olduğundan ixtisas təhsili üçün Azərbaycan filologiyasını seçdiyini söyləyib. “Azərbaycana olan marağım hələ uşaq vaxtından yaranıb. Avropa ilə Asiyanın qovuşuğunda yerləşən bu ölkə inanılmaz dərəcədə misilsiz bir mədəniyyətə və tarixə malikdir. İxtisasımı seçərkən yiyələnə biləcəyim müxtəlif dillərdən və mədəniyyətlərdən geniş seçimim var idi, amma çox tərəddüd etmədən məhz Azərbaycan istiqamətində dayanmağı qərara aldım. Bir Ukrayna vətəndaşı olaraq mənim üçün ölkələrimiz arasında münasibətlərin müsbət tarixçəsinin mövcudluğu və bir çox sahədə onun özünü göstərməsi vacib amildir. Azərbaycan Respublikasının bir çox təşkilatı xalqlarımız arasındakı dostluq əlaqələrinin möhkəmlənməsinə həsr olunmuş müxtəlif tədbirlər keçirir və mənim uzaq, eyni zamanda, çox yaxın dövlətlərimiz arasındakı diplomatik münasibətlər tarixinə nəzər salma fürsətinə görə təşəkkür etmək istədiyim ADA Universiteti də bu işdə mühüm rol oynayır”.

Tələbələr, yekun vuraraq, onlar üçün yeni imkanlar açan ADA Universitetinin layihələrində bundan sonra da məmnuniyyətlə iştirak etməkdə davam edəcəklərini söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.