ELM VƏ TƏHSİL


“Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsinin yekun konfransı keçirilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” - “Erasmus+” layihəsinin yekun konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Biznes Universitetinin rektoru iqtisad elmləri doktoru professor İbad Abbasov geniş məzmunda hesabat xarakterli çıxış edib. Rektor 5 mərhələ üzrə həyata keçirilən layihə çərçivəsində 4 il müddətində əldə edilmiş faydalı nəticələrdən, beynəlxalq təcrübələrdən və uğurlardan bəhs edib. O, layihənin uğurla icra edilməsinə verdikləri əvəzsiz töhfələrə görə Təhsil Nazirliyinə, “Erasmus+” Milli Ofisinə, layihənin üzvü olan yerli və xarici tərəfdaşlara xüsusi minnətdarlığını bildirib. Rektor qeyd edib ki, əməkdaşlıq yekunlaşmır və növbəti layihə çərçivəsində də uğurla davam etdiriləcək.

Daha sonra Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli qeyd edib ki, layihə nazirlik üçün maraqlı və mühüm olan layihələrdən biridir. Ali təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində görüləcək ən vacib işlərdən biri məhz keyfiyyət təminatı hesab edilir. Nicat Məmmədli ali təhsil müəssisələrinin akkreditasiya meyarlarından bəhs edərək daxili keyfiyyət təminatının ən vacib parametrlərdən biri olduğunu bildirib. O, həmçinin vurğulayıb ki, layihədən əldə edilən təcrübələrin və müsbət nəticələrin ali təhsil müəssisələri ilə bölüşülməsinə Təhsil Nazirliyi konsorsium üzvü kimi dəstək olacaq.

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Petr Mixalko çıxış edərək Təhsil Nazirliyinə və layihə koordinatoru olaraq Bakı Biznes Universitetinə öz təşəkkürünü bildirib. O, həmçinin qeyd edib ki, təhsil Azərbaycan üçün prioritet sahədir və təhsil sahəsində icra olunan dövlət proqramları bunun bariz sübutudur. Eyni zamanda, təhsil sahəsi Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın önəmli sahələrindən biridir. Petr Mixalko çıxışında təhsil sahəsindəki qarşılıqlı əməkdaşlığın sosial-iqtisadi inkişafa təsirlərindən və bu istiqamətdə olan mövcud imkanlardan bəhs edib.

Daha sonra Litva Respublikasının ölkəmizdəki səfiri Eqidius Navikas çıxış edərək qeyd edib ki, Azərbaycan və Litva arasında bir sıra sahələrdə əməkdaşlıq var və demək olar ki, təhsil ən vacib əməkdaşlıq sahələrindən biridir. O qeyd edib ki, litvalı tərəfdaşlar bu layihədə çox fəal iştirak edirlər. Səfir, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə yaxşı münasibətlərin mövcud olduğunu və hazırda da bir layihənin davam etdiyini söyləyib.

Layihənin koordinatoru Gülşən Bayramova qarşıya qoyulan məqsədlərdən və yekunda əldə edilən nəticələrdən, layihənin icrası müddətində qarşıya çıxan imkanlardan və eyni zamanda, çətinliklərdən bəhs edib. Koordinator bildirib ki, layihə çərçivəsində 9 ali təhsil müəssisəsində keyfiyyət təminatı mərkəzləri yaradılıb, iki ali təhsil müəssisəsində mərkəzin fəaliyyəti yenidən təşkil edilib, 3000-ə yaxın tələbə və 500-dən çox akademik heyət sorğularda iştirak edib, 500-ə yaxın akademik heyət müxtəlif təlimlərdə iştirak edib, 80 fənn proqramı yenilənib, 22 nəfər keyfiyyətin idarə edilməsi sahəsi üzrə sertifikatlaşdırılıb, ali təhsil müəssisələri üçün daxili keyfiyyət təminatı standartları və təlimatlarını özündə əks etdirən bələdçi hazırlanıb və digər bir sıra mühüm işlər görülüb.

“Erasmus+” Milli Ofisinin rəhbəri Pərviz Bağırov qeyd edib ki, layihə yüksək peşəkarlıqla və böyük uğurla icra olunub: “Əminəm ki, əldə olunan təcrübələr, qurulan əməkdaşlıqlar növbəti layihələr üçün faydalı olacaq”.

Daha sonra layihə konsorsiumunun Avropadan olan tərəfdaşları İngiltərədən George Dafoulas, İsveçdən Viktor Kordas, Litvadan İnga Petreikiene və Laura Seukeviciute, İspaniyadan Luis Gomes layihənin uğurlu olmasının səbəbləri, layihənin müqayisəli təhlili, keyfiyyət təminatı sisteminin qurulmasında layihənin vacibliyi kimi məsələlər barəsində təqdimatlar ediblər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov və Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov layihənin başa çatması münasibətilə öz təbriklərini çatdırıb və beynəlxalq təcrübələrin öyrənilməsi, əməkdaşlığın daha sıx davam etdirilməsi və təhsildə keyfiyyət təminatının inkişaf etdirilməsi baxımından layihənin önəminə toxunublar.

Konfransda layihə konsorsiumunun üzvü olan 11 Azərbaycan universitetinin rektorları və digər səlahiyyətli nümayəndələri, layihənin xarici tərəfdaşları olan İsveçin Kral Texnologiya Universitetinin, İngiltərənin “Middlesex Universiteti”nin, Litvanın SMK Sosial Tətbiqi Elmlər Universitetinin, Litvanın EKT Akkreditasiya Təşkilatının, İspaniyanın “Alicante Universiteti”nin məsul şəxsləri və ölkəmizin digər ali təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.