ELM VƏ TƏHSİL


Azərbaycan universitetlərinin qlobal reytinq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri yüksək qiymətləndirilib

Bakı, 20 may, AZƏRTAC

Böyük Britaniyanın Quacquarelli Symonds (QS) konsaltinq şirkətinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Sergey Xristolyubov Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) professor-müəllim heyəti ilə görüşüb.

Bu barədə AZƏRTAC-a universitetdən bildirilib. Təcrübə və karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən görüşün məqsədi ölkənin aparıcı universitetlərinə reytinqlərdə iştirak kontekstində informasiya-analitik dəstək vermək olub. Şirkətin rəsmisi son illər Azərbaycan universitetlərinin qlobal reytinq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri qurmasını yüksək qiymətləndirib, bunu ali təhsilin gələcəyi üçün atılan strateji addımlardan biri hesab etdiyini bildirib. Qeyd edib ki, bu sistemlərə düşmək beynəlxalq tələbə bazarındakı rəqabətdə universitetlərə böyük üstünlüklər yaradır.

O, QS reytinqinin əsaslandığı meyarlar üzrə daha çox və keyfiyyətli informasiya verilməsinin vacibliyinə toxunub, ali təhsil müəssisələrində reytinq sistemi üzrə işin təkmilləşdirilməsi üçün beynəlxalq, milli və profil üzrə müvafiq sistemlərdən, istifadə olunan meyarlardan danışıb. Bildirib ki, reytinq cədvəli müxtəlif kriteriyalar – ali təhsil müəssisələrinin elmi nəşrlərinin sayı, akademik mobillik, pedaqoji akademik heyətin keyfiyyəti, onların əsərlərinə iqtibas tezliyi, məzunların işlə təminatı, h-indeks üzrə elmə verilən töhfələrin qiymətləndirilməsi, internet ünvanının aktivliyi və digər parametrlərə görə hazırlanır.

AzMİU-nun QS reytinqinin qaldırılması istiqamətində öz tövsiyələrini verən S.Xristolyubov elmi potensialı gücləndirməyin, beynəlxalq elmi əməkdaşlıqlarda iştirakı artırmağın, beynəlxalq elm-təhsil mühitində əlaqələr şəbəkəsini genişləndirməyin, eləcə də müəllim və tələbə mübadiləsi proqramlarını inkişaf etdirməyin vacibliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.