SİYASƏT


“Azərbaycan və Almaniya: Stabil və perspektivli enerji əməkdaşlığı“ – Berlində tədbir VİDEO

Berlin, 15 fevral, AZƏRTAC

Almaniyanın “Business & Diplomacy“ jurnalının təşkilatçılığı ilə Berlində “Azərbaycan və Almaniya: Stabil və perspektivli enerji əməkdaşlığı“ adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici diplomatlar, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycana dair qısa videoçarx nümayiş etdirilib.

Sonra Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev tədbirin aparıcıları, “Business & Diplomacy“ jurnalının əməkdaşları - Frank Şüttiq və Rayner Şubertin sualları əsasında Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadi-sosial inkişafı, qonşuları ilə münasibətləri, Azərbaycandakı alman irsi, Azərbaycan-Almaniya münasibətləri və s. barədə iştirakçılara məlumat verib. N.Ağayev Azərbaycanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət quran, qadınların seçmək və seçilmək haqqını tanıyan, zəngin mədəniyyətə və multikultural dəyərlərə malik ölkə olduğunu bildirib. Səfir Azərbaycanın enerji sahəsində Avropa ilə fəal əməkdaşlıq etdiyini və Avropa İttifaqının (Aİ) etibarlı tərəfdaşı olduğunu qeyd edib. Ölkəmizin təşəbbüsü və liderliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi, TAP, TANAP və s. kimi transregional layihələrdən bəhs edən N.Ağayev bu qarşılıqlı faydalı əməkdaşlığın Aİ, o cümlədən Almaniya ilə münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə əmin olduğunu vurğulayıb.

Daha sonra N.Ağayev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, işğal dövründə Ermənistan tərəfindən Azərbaycanın mədəni və dini abidələrinə qarşı aparılmış mədəni soyqırımı, Laçın-Xankəndi yolu ətrafında ölkəmizə qarşı aparılan qərəzli kampaniya və s. barədə məlumat verib.

Tədbir zamanı iştirakçılara Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dağıntıların miqyasını əks etdirən məlumatlar, turizm kitabçaları, habelə digər materiallar paylanılıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.