SİYASƏT


Azərbaycan və Almaniya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Bakı, 8 may, AZƏRTAC

Bakıda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Almaniya Federativ Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Almaniya tərəfindən isə bu ölkənin Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili, səfir Mixael Zibert rəhbərlik ediblər.

Məsləhətləşmələr zamanı iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olunub və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Tərəflər Azərbaycan və Almaniya arasında siyasi dialoqun yüksək səviyyədə olduğundan məmnunluq ifadə ediblər. Bu xüsusda, Almaniyanın Federal Kansleri xanım Angela Merkelin ötən ilin avqustunda Azərbaycana səfəri xüsusi əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirilib.

İkitərəfli iqtisadi əməkdaşlığın zəngin potensial imkanlara malik olduğu qeyd edilib, Azərbaycanda fəaliyyət göstərən Almaniya Ticarət-Sənaye Palatasının fəaliyyətindən məmnunluq bildirilib.

Həmçinin mədəniyyət, elm və təhsil sahələrində əlaqələr müzakirə edilib, Bakıda DAAD və Höte Mərkəzinin fəaliyyətləri təqdirəlayiq qiymətləndirilib. Qeyd edilib ki, Berlində Azərbaycan Mədəniyyət Mərkəzinin tezliklə açılması da ikitərəfli humanitar əlaqələrin inkişafına təkan verəcək.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusu ətrafında fikir mübadiləsi aparılıb. X.Xələfov Almaniyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə və işğal olunmuş ərazilərimizdə yaradılan qondarma separatçı rejimi tanımadığına dair mövqeyini yüksək dəyərləndirib və ATƏT-in Minsk qrupunun fəaliyyətinə göstərdiyi dəstək və səylərinə görə təşəkkürünü bildirib.

Bundan əlavə, tərəflər ölkəmizdə siyasi, hüquqi və iqtisadi sahələrdə aparılan islahatlar, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.