CƏMİYYƏT


Azərbaycan və Avstriya arasında diplomatik münasibətlərin 30 illik yubileyi ilə əlaqədar ağacəkmə mərasimi keçirilib

Kornoyburq, 7 may, AZƏRTAC

Avstriyanın Kornoyburq şəhərinin “Yubiley” parkında Azərbaycan Respublikası və Avstriya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibəti ilə ağacəkmə mərasimi çərçivəsində çinar ağacları əkilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Kornoyburq şəhərinin meri Kristian Qepp, Avstriya-Cənubi Qafqaz ikitərəfli parlament qrupunun sədri Andreas Minnix, səfirliyin əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Səfir R.Sadıqbəyli bu tədbirin ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində baş tutduğunu bildirib. O, iki ölkə arasında münasibətlərin dərin tarixi kökləri olduğunu qeyd edib və bu münasibətlərin inkişafında ümummilli liderin 2000-ci ildə Avstriya Respublikasına rəsmi səfərinin mühüm rol oynadığını nəzərə çatdırıb. Natiq Azərbaycan Prezidenti İlham Əliyevin 2013, 2016 və 2019-cu illərdə Avstriya Respublikasına səfər etdiyini bildirib və 2013-cü ildə iki ölkənin prezidentləri tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Avstriya Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında Bəyannamə”nin ölkələrimiz arasında münasibətlərin təməl prinsiplərini əks etdirdiyini vurğulayıb.

Səfir çinar ağaclarının ölkəmizdə simvolik məna kəsb etdiyini, bu ağacların əkilməsinin Azərbaycan və Avstriya arasında əlaqələrin davamlılığı və möhkəmliliyinə bir işarə olduğunu bildirib.

Kornoyburq şəhərindən olan Avstriya-Cənubi Qafqaz ikitərəfli parlament qrupunun sədri Andreas Minnix Avstriyanın Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib. O, bu münasibətlərin gələcəkdə hərtərəfli şəkildə daha da inkişaf edəcəyinə ümidvar olduğunu deyib.

Kristian Qepp Azərbaycan səfirliyinə 30 ədəd çinar ağacının hədiyyə edilməsinə görə minnətdarlığını bildirib. O, iki ölkə arasında münasibətlərin çinar ağacı kimi davamlı və uzunömürlü olacağına ümidvar olduğunu vurğulayıb.

Daha sonra R.Sadıqbəyli Kornoyburq şəhərinin qızıl kitabına ürək sözlərini yazıb.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Kornoyburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.