İQTİSADİYYAT


Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib

Bakı, 16 may, AZƏRTAC

Bakı şəhərində Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda iştirak etmək üçün Qarışıq Komissiyanın Avstriya Respublikası tərəfindən həmsədri, bu ölkənin Rəqəmsal və İqtisadi İşlər üzrə Federal Nazirliyinin Xarici iqtisadi əlaqələr qrupunun rəhbəri Franz Vessiqin başçılığı ilə nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında Azərbaycanla Avstriya arasında əməkdaşlıq məsələlərindən danışaraq diplomatik əlaqələrimizin 30 illik tarixə malik olduğunu diqqətə çatdırıb.

Rəşad Nəbiyev Avstriya nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan işğalından azad edilən Azərbaycan ərazilərində aparılan yenidənqurma və bərpa işləri barədə məlumat verib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin 2021-ci ilin fevral ayında müvafiq Sərəncamla təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də kiçik və orta sahibkarlığın inkişafı, ixracın artımı və özəl investisiyaların təşviqi iqtisadi artımın mühərrikləri kimi vurğulanır.

Rəşad Nəbiyev əlavə edib ki, Azərbaycan və Avstriyanın ixracatçıları və onların məhsulları haqqında mütəmadi məlumat mübadiləsi, işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması vacibdir. Qarışıq Komissiya bu cür məlumat mübadiləsinin təşviq edilməsi və yeni işgüzar münasibətlərin qurulması üçün effektiv platforma rolunu oynayır.

Nazir Komissiyanın 10-cu iclasının keçirilməsinin əlaqələrimizin inkişafı üçün faydalı olacağına əminlik ifadə edib.

İclasda iki ölkə arasında iqtisadi, elmi və texniki əməkdaşlığın cari vəziyyəti müzakirə olunub. Eyni zamanda ticari və iqtisadi əlaqələr, nəqliyyat, İKT, kənd təsərrüfatı, qida təhlükəsizliyi, enerji, turizm və mədəniyyət sahəsi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İclasın sonunda Azərbaycan ilə Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahəsində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclasının Protokolu imzalanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.