İQTİSADİYYAT


Azərbaycan və Avstriya daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində uğurlu əməkdaşlıq edəcəklər VİDEO

Vyana, 6 iyul, AZƏRTAC

Azərbaycan və Avstriya arasında imzalanan daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu hər iki tərəfə uğurlu əməkdaşlıq üçün geniş imkanlar açacaq.

Xəbər verdiyimiz kimi, iyulun 6-da Vyana şəhərində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumu arasında daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandumun əhəmiyyəti barədə fikirlərini AZƏRTAC-a bildirən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov deyib ki, bu Memorandum yüksək ixtisaslı kadrların yetişdirilməsi, təcrübə və informasiya mübadiləsi, eyni zamanda Azərbaycan Respublikasında həyata keçirilən geocoğrafi məlumat sistemi və milli məkan məlumatları infrastrukturunun qurulması sahəsində çox böyük töhfələr verəcək.

Avstriya Respublikasının həmin qurumunun çox zəngin tarixə və bu sahədə böyük təcrübəyə malik olduğunu vurğulayan K.Həsənov ümidvar olduğunu qeyd edib ki, tərəflər bu qarşılıqlı təcrübədən yaxşı yararlanacaq və həmçinin gələcəkdə torpaqların elektron uçotunun qurulması, milli məkan məlumatları sistemi və geocoğrafi məlumatlar sisteminin formalaşdırılması istiqamətində, mərzçəkmə və digər məsələlərdə Avstriya tərəfinin təcrübəsindən bəhrələnmək mümkün olacaq.

Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumunun rəhbəri Vernher Hofman isə qeyd edib ki, Avstriya Metrologiya və Mərzçəkmə Federal Qurumunun tarixi hələ Avstriya imperiyası dövrünə gedib çıxır və dərin ənənələrə malik bir dövlət qurumudur: “Bu gün imzalanan Memorandumun əsas məqsədi ondan ibarətdir ki, tərəflər arasında mütəmadi təcrübə mübadiləsi aparılsın və hesab edirəm ki, Avstriya da bu mübadilədən gələcəkdə yararlana biləcək. Son illərdə Azərbaycan kadastr və informasiya sisteminin təkmilləşdirilməsinə böyük sərmayələr yatırıb və yeni texnologiyalardan istifadə edilməsində yeni biliklər əldə edib. Ümid edirəm ki, bu mübadilə sayəsində Avstriya tərəfi də müsbət nəticələr əldə edə biləcək. Digər tərəfdən isə biz bu cür sistemlərin yaradılmasında yol verilə biləcək nöqsanların önlənməsi üçün uzun illərə söykənən təcrübəmizdən istifadə edə biləcəyik. Çox minnətdaram ki, Azərbaycan tərəfi belə bir əməkdaşlığın qurulması təşəbbüsü ilə çıxış edib və ümidvaram ki, hər iki qurumun təmsilçiləri arasında uğurlu əməkdaşlıq həyata keçiriləcək”.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.