SİYASƏT


Azərbaycan və Belarus XİN rəhbərləri arasında təbrik məktubu mübadiləsi olub

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Belarus xarici işlər naziri Vladimir Makey ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçiriblər. Bu barədə AZƏRTAC-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Elmar Məmmədyarov məktubda həmkarı Vladimir Makeyi Azərbaycan Respublikası və Belarus Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə səmimi qəlbdən təbrik edib. Bu ildönümünün ölkələrimiz üçün əlamətdar, həm də rəmzi xarakter daşıdığını qeyd edən nazir Elmar Məmmədyarov iki dövlətin liderlərinin müdrikliyi və səyləri sayəsində ölkələrimiz arasında sıx əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Elmar Məmmədyarov məktubunda qarşılıqlı etimad, hörmət və dostluq prinsipləri üzərində qurulan çoxillik və məhsuldar Azərbaycan-Belarus əməkdaşlığının xoş ənənələrinin müasir dövrdə ölkələrimiz arasındakı əlaqələrin möhkəm əsasını təşkil etdiyini vurğulayıb. Bildirib ki, intensiv siyasi dialoq, sosial-iqtisadi əlaqələr, beynəlxalq arenada qarşılıqlı dəstək, humanitar əməkdaşlığın davamlı şəkildə dərinləşdirilməsi ilə xarakterizə olunan ikitərəfli münasibətlər xüsusi əhəmiyyətli strateji tərəfdaşlıq səviyyəsinə çatıb.

Belarus xarici işlər naziri Vladimir Makey Elmar Məmmədyarova ünvanladığı məktubda 25 il ərzində Belarus-Azərbaycan münasibətlərinin iki xalqın dostluğu, qarşılıqlı anlaşma və etimad ənənələri üzərində qurularaq strateji xarakter aldığını və siyasi, sosial, iqtisadi və humanitar sahələri əhatə etdiyini vurğulayıb.

Vladimir Makey ali və yüksək səviyyədə dövlətlərarası təmasların dinamik şəkildə inkişaf etdiyini və bir sıra ikitərəfli iqtisadi layihələrin həyata keçirildiyini bildirib. O, həmçinin ölkələrimizin beynəlxalq arenada mövcud olan problemlər və təhdidlərə münasibətdə oxşar mövqe tutduğunu və bir-birinə qarşılıqlı dəstək göstərdiyini diqqətə çatdırıb. Məktubda nazir Vladimir Makey Belarus-Azərbaycan münasibətlərinin bugünkü kimi, gələcəkdə də məhsuldar və məzmunlu olacağına inamını ifadə edib.

Qeyd edək ki, Azərbaycan ilə Belarus arasında diplomatik əlaqələr 1993-cü il iyunun 11-də qurulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.