CƏMİYYƏT
Azərbaycan və Böyük Britaniyanın gənc seysmoloq-alimləri arasında müzakirələr keçirilib
Bakı, 20 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) ilə Böyük Britaniyanın Oksford və Kembric universitetlərinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Cənubi Xəzərin aktiv tektonikası və zəlzələlərlə bağlı birgə tədqiqatların aparılması” mövzusunda növbəti müzakirələr keçirilib.
Mərkəzin İnformasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan və Böyük Britaniyadan olan gənc alimlərinin birgə layihələrdə iştirakına dair məsələlər müzakirə olunub.
“Zoom” platforması üzərindən onlayn həyata keçirilən müzakirələrdə Azərbaycan tərəfindən RSXM-in baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, mərkəzin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova iştirak ediblər.
İclasa moderatorluğu - Oksford Universitetinin və Azərbaycan Milli Elmlər Akademiyasının təmsilçisi Rəşid Cavanşir edib.
S.Kazımova mərkəzdə görülən işlərlə bağlı geniş təqdimat edib, maraq doğuran sualları cavablandırıb.
AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşları da müzakirələrdə iştirak ediblər. Belə ki, institutun Müasir geodinamika və kosmik geodeziya şöbəsinin aparıcı elmi işçisi Rafiq Səfərov və Palçıq vulkanizmi şöbəsinin aparıcı elmi işçisi Orxan Abbasov apardıqları elmi istiqamətlərə dair çıxışlar edərək, birgə tədqiqatların “yol xəritəsi”nin tərtib edilməsinin vacibliyindən danışıblar.
Müzakirələrdə əməkdaşlıq ediləcək sahələr üzrə işçi qaydada məsələlərə baxılıb, görülmüş işlərə dair hesabat xarakterli növbəti iclasın keçirilməsi qərara alınıb.
İclasda layihənin ümumi koordinatoru, professor Riçard Volker də iştirak edib.