İQTİSADİYYAT


Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar VİDEO

Pekin, 16 yanvar, AZƏRTAC

Yanvarın 16-da Pekində Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC (AZAL) və Çin Xalq Respublikasının aparıcı turizm şirkəti olan “ETI-Holidays” (Beijing HUAYUAN International Travel co., LTD) arasında üçtərəfli anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumda AZAL-ın Bakı-Pekin-Bakı təyyarə uçuşlarında çinli turistlərin Azərbaycana səfəri və Bakı üzərindən digər ölkələrə səyahətlərinin təşkili ilə Bakının tranzit rolunun artırılması nəzərdə tutulur. Eləcə də “ETI-Holidays” şirkəti Azərbaycanın turizm potensialının təbliğinə və yeni destinasiya brendinin yerli turistlərə tanıdılması işinə dəstək verməyi öhdəsinə götürür. Memorandum Azərbaycan və Çin arasında turizm əlaqələrinin genişlənməsinə xidmət edəcəkdir.

Ölkəmizin Pekindəki səfirliyinin dəstək verdiyi tədbirdə Çinin fəal turizm və səyahətlərin təşkili üzrə ixtisaslaşan şirkətlərinin nümayəndələri iştirak ediblər.

Azərbaycan Dövlət Turizm Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Talıbzadə ölkəmizin turizm potensialı haqqında təqdimatla çıxış edib. Bildirib ki, hələ tarixi İpək yolu dövründən Azərbaycan şərq ilə qərb arasında ticarət yollarının kəsişməsində yerləşməklə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan kimi tanınıb.

İki ölkə arasında turizm sahəsində əlaqələrdən danışan Cəmilə Talıbzadə qeyd edib ki, son vaxtlar Çindən Azərbaycana turist səfərlərinin sayında böyük artım müşahidə olunur. Ölkəmizə daha çox Çin turistlərinin cəlb olunması məqsədilə ötən ilin dekabr ayından etibarən Çində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyətə başlayıb. Azərbaycan ilə Çinin turizm sahəsində əməkdaşlığını dərinləşdirmək üçün iki ölkənin müvafiq dövlət qurumları arasında imzalanması nəzərdə tutulan sənədin tərəflər üçün faydalı olacağı vurğulanıb.

“Azərbaycan Hava Yolları” QSC-nin Pekin nümayəndəliyinin rəhbəri Rinat Əzizov ölkəmizin milli aviadaşıyıcısı haqqında məlumat verərək deyib ki, şirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. Azərbaycanın mülki aviasiyasının təyyarələri Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına tamamilə uyğundur, AZAL isə ən nüfuzlu mülki aviasiya təşkilatının - Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. Qərargahı Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən AZAL 23 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. “Skytrax” auditor şirkətinin “5 Ulduz” reytinqinə layiq gördüyü Heydər Əliyev Beynəlxalq Hava Limanı ötən il rekord sayda - 4,43 milyon sərnişinə xidmət göstərib.

Qeyd olunub ki, hazırda Bakı-Pekin-Bakı istiqamətində birbaşa müntəzəm uçuşlar həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-nin planlarında Bakıdan Çinin digər şəhərlərinə də reyslərin açılması var.

Mərasimdə Azərbaycanın turizm potensialına dair film nümayiş olunub.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.